Allahşükür Paşazadə: "Təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün suiistifadədən irəli gəlir"


Digərləri 06 Dek 2018 16:20:00 279 0

Allahşükür Paşazadə: "Təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün suiistifadədən irəli gəlir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

Son.az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının üzvü olaraq bəyanat verən A.Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib.

Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən A.Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqəti çəkib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı antihumanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.

QMİ sədri insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəldib.