Azərbaycan növbəti mədəni elementinin siyahıya salınması üçün 2020-ci ildə YUNESKO-ya müraciət edə bilər


Digərləri 06 Dek 2018 13:22:00 229 0

Azərbaycan növbəti mədəni elementinin siyahıya salınması üçün 2020-ci ildə YUNESKO-ya müraciət edə bilər

Azərbaycan tərəfi YUNESKO-nun siyahısına növbəti mədəni elementin daxil edilməsi üçün həmin quruma 2020-ci ildə müraciət edə bilər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan tərəfi YUNESKO-nun siyahısına növbəti mədəni elementin daxil edilməsi üçün həmin quruma 2020-ci ildə müraciət edə bilər. Trend-in məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, YUNESKO-nun son qəbul etdiyi qərarlarda ölkələrin təqdim etdiyi faylların sayı müəyyən edilib. V.Eyvazzadə qeyd edib ki, təxminən 10 il ərzində Azərbaycanın 13 elementi YUNESKO-nun siyahısına daxil edilib: "Amma elə ölkə var ki, bu müddətdə onun ancaq 2 faylı YUNESKO-nun siyahısına daxil edilib. Bu elementlərin sayı çox olduğuna görə YUNESKO tərəfindən belə bir qərar qəbul edilib ki, siyahıda mədəni elementləri çox olan ölkələr bir ildən bir fayl təqdim etsinlər. Ona görə də Azərbaycan 2019-cu ildə deyil, 2020-ci ildə fayl təqdim etməlidir. 2020-ci il üçün də Azərbaycan tərəfinin hazırladığı element var. Bu, xalqımızın dəyəri, mədəniyyəti və onun tarixini müəyyən edən element olacaq. Lakin biz indi onun adını qeyd edə bilmərik. Çünki bu məsələlər müəyyən qədər qapalı aparılır və bu, YUNESKO tərəfindən elan edildikdən sonra açıqlana bilər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin