Öskürək zamanı ilk növbədə onu törədən səbəbləri aradan qaldırmaq lazımdır


Digərləri 05 Dek 2018 23:30:00 375 0

Öskürək zamanı ilk növbədə onu törədən səbəbləri aradan qaldırmaq lazımdır

Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir. Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova məlumat verərkən deyib: "Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.

Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir".