Azərbaycanın təşəbbüsü ilə ilk dəfə beynəlxalq Xəzər İnnovasiya konfransı keçirilir (FOTO)


Digərləri 05 Dek 2018 17:30:00 240 0

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə beynəlxalq Xəzər İnnovasiya konfransı keçirilir (FOTO)

“Bakutel-2018” çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilir.

Bakı. Bu ilin 4-7 dekabr tarixlərində baş tutan “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur. Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib. İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb. Belə bir təşəbbüsə səbəb Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52%-nin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır. Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir. GSM Assosiasiyasının təxminlərinə əsasən isə, 2020-ci ilədək dünya əhalisinin 4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin, ehtimallara görə, 2021-ci ildə “5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq. Bütün bunlarla yanaşı, Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir. Xəzər İnnovasiya Konfransı da məhz rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib. İlk Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ilk dəfə təşkil olunan Xəzər İnnovasiya Konfransının mövzusu təsadüfi seçilməyib. Çünki dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər və Qara dəniz regionu ölkələrində yeni elektron xidmətlərin, innovativ həllərin tətbiqi ilk növbədə dayanıqlı infrastrukturun qurulması və davamlı inkişaf etdirilməsini şərtləndirir. O qeyd edib ki, bunu nəzərə alaraq, builki konfransın mövzusu "Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı" kimi müəyyən olunub. Nazir bildirib ki, simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır.