“Ermənilər şiələrlə yaxınlıq etməyə çalışırlar”


Digərləri 05 Dek 2018 16:40:00 303 0

“Ermənilər şiələrlə yaxınlıq etməyə çalışırlar”

Son.az Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidovun modern.az-a saytına Gürcüstandakı dini situasiya ilə bağlı müsahibəsini təqdim edir:

- Mümkünsə, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti barədə ümumi məlumat verərdiniz.

- Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ilin əvvəllərində yaradılıb. Təbii ki, qurum yaranan zaman müəyyən yanlışlıqlar olmuşdu. Biz bunu inkar edə bilmərik. Bir az da təcrübəsizlikdən irəli gələn məsələ idi. İdarənin yaranma məqsədi barədə danışım: açıq deyirəm, bəziləri bizi Qafqaz Müsəlmanları İdarəsinə qarşı qoyurlar. Amma bu yanlış məsələdir. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi var və mən uzun illər həmin idarədə axund kimi fəaliyyət göstərmişəm. Unutmayaq ki, bu ölkədə 5 məzhəbə məxsus müsəlman yaşayır.  Qafqaz Müsəlmanları İdarəsi bütün müsəlmanların işinə yetişə bilmirdi. Bunun bir səbəbi madiyyatla bağlı idi. İkinci tərəfdən isə millət və məzhəb məsələsi də müəyyən faktor rolunu oynayır. Həmçinin, dini təşkilatları toplayıb bir konqres yaratmaq arzusunda idik. Burada işləyən təşkilatların bəzilərinə İranın, bəzilərinə Türkiyənin təsiri var idi. Şiə məzhəbinə mənsub təşkilatlar İrandan, sünni məzhəbinə mənsub təşkilatlar isə Türkiyədən dəstək alırdı. Qərara aldıq ki, azərbaycanlı olaraq Azərbaycan dövlətindən yardım alaq. Məsələn, kitab çap edək, məscidləri təmir edək. Məbləğ də yadımdadır. 2005-ci ildə yazdığımız məktubda ayda 10 min dollar məbləğində vəsait istəmişdik. Din xadimlərimizə də 100 dollar maaş verilməsini planlaşdırmışdıq. Amma olmadı. Mən özüm də Qafqaz Müsəlmanları İdarəsinin axundu kimi işlədiyim müddətdə onlardan 1 lari pul ala bilməmişdim.

Açıq deyəcəm, şiə müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəyirdilər. Sünni azərbaycanlılar isə Türkiyəyə meyl edirdilər. Zatən, o tərəfdən də böyük dəstək alırdılar, Diyanətlə işləyirdilər. Bu bəlkə də Qafqaz Müsəlmanları İdarəsinin şeyxinin şiə olmasından irəli gəlirdi. Digər tərəfdən 200 mindən çox sayı olan acar müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə ümumiyyətlə işləmək istəmirdilər. Türkiyənin dəstəyi ilə Qərbi Gürcüstanda 195 məscid inşa olunub. Kistin müsəlmanları yaşayan ərazilərdə Qafqaz Müsəlmanları İdarəsi ümumiyyətlə olmamışdı. Oraya gedəndə sakinlər Qafqaz Müsəlmanları İdarəsinin 1 nümayəndəsinin də həmin əraziyə gəlmədiyini dedilər. Avar müsəlmanlarının da onların fəaliyyətindən xəbəri yox idi. Biz Qafqaz Müsəlmanları İdarəsindən soruşanda ki, Şərqi Gürcüstanda nə qədər məscid var, dedilər ki, 57-dir. Amma özümüz getdik gördük ki, onların sayı 110-dur. Təsəvvür edin ki, məscidlərin sayından xəbərsizlik var idi. Bütün bunların da səbəbi o idi ki, Qafqaz Müsəlmanları İdarəsi yalnız azərbaycanlılarla işləyirdi. Digər xalqları isə unutmuşdu.

- Bəs Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda müftisi yox idi?

- Xeyr, o idarənin Gürcüstanda nümayəndəliyi var idi. O nümayəndə Hacı Əli Əliyev şiə idi. Onun müavini müfti Yasin Əliyev sayılırdı. Amma o, hazırda bizimlə işləyir. Xülasə, demək istədiyim odur ki, digər xalqlar, millətlər Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəmirdi və aramızda əlaqə də yox səviyyəsində idi.  Gürcüstan dövləti burada bir boşluq gördü. Ölkədə çoxlu millətlər, 27 dini məzhəb var. Təsəvvür edin ki, fərqli dinlərlə yanaşı, İslam daxilində də təriqətlər var idi. Düzdür, Gürcüstan şiələri arasında yalnız cəfəri təriqəti var, şiəliyin başqa qolları ölkəyə gəlməyib. Amma sünnilərdə hənəfi, şafiyə təriqətləri, Türkiyədən gəlmə süleymançı camaatı, mahmudçu camaatı, nurçu, fətullahçı camaatlar var. Bəzi radikal təriqətlər də ölkəyə gəlmişdi. Gürcüstan dövləti özü çaşqınlıq içində idi. Mənbəyi məlum olmayan təşkilatlar kütləvi məscidlər tikməyə başladı. Qafqaz Müsəlmanları İdarəsi ilə də hesablaşılmırdı. Bəlkə bu dövlətdə ona yüksək status verilməmişdi. Amma fakt bu idi, Gürcüstanda 30-a qədər dini QHT məscid tikirdi, amma İdarə ilə məsləhətləşmirdi. Gürcüstanda Azərbaycandakı kimi Dini Komitə də yox idi ki, icmaları qeydiyyata alsın, özbaşınalıq idi. Buna görə də bütün müsəlmanları birləşdirəcək idarənin yaradılmasına ehtiyac duyuldu.  Bizim qurum yaradılan zaman Gürcüstan tərəfi ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinə rəhbər olmağı təklif etdi. Yəni Gürcüstan dövlətinin məqsədi parçalamaq deyil, status almış bir rəsmi qurum yaratmaq idi. Təəssüf ki, bu məsələdə razılıq əldə olunmadı. Biz isə bir çox problemlərimizi həll edə bilmirdik. Hətta sizə onu deyim ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda qeydiyyatı, möhüründə identifikasiya kodu da yox idi.

- Qeydiyyat üçün müraciət olunmuşdu?

- Bu məsələyə ciddi yanaşılmırdı. Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana gələndə bizim çox dərdimiz, diləyimiz var idi. Amma bizimlə görüşmədi. Mən özüm axund kimi Bakıya da getdim. Amma bizə görüş də verilmədi. Azərbaycan bizim milli dövlətimizdi, amma bu məsələlərdə müəyyən yanlışlıqlar oldu. Gürcü ruhaniləri ilə, patriarxla görüş olurdu, amma biz ruhanilərə sözümüzü demək üçün görüş verilmirdi. Bilmirəm, bəlkə bizi İrana bağlamışdılar. Amma əgər biz yad idiksə, nə üçün mən axund təyin olunmuşdum?

- Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ilə Gürcüstan Müsəlmanları İdarəsinin münasibətləri necədir? 

- Məndən öncə şeyx səlahiyyətlərini icra edən şəxs təəssüf ki, Qazfqaz Müsəlmanları İdarəsinin əleyhinə danışırdı. Amma mən faəaliyyətə başlayanda bütün bunların bir nəfərin fikirləri olduğunu anladım. Biz bilirik ki, Qafqaz Müsəlmanları İdarəsi 1823-cü ildə yaradılan idarədir və 1832-ci ildə müftiliklə birləşib. 8-ci şeyxə qədər hamısı Gürcüstanda oturub. Onların böyük keçmişi var. Biz onların əleyhinə deyilik, onların bir çox məsələlərdə mənəvi hüququ var. İlk gündən fəaliyyətə başlayanda Şeyxülislama məktub yazaraq əməkdaşlıq istəmişəm. Gürcüstan dövləti bunun əleyhinə olsaydı, deyərdilər ki, o məktubu yazma. Buna müsbət baxırdılar. Dəfələrlə müxtəlif kanallarla əlaqə qurmağa, görüşməyə çalışdım. Təbii ki, burada İranın, Türkiyənin və başqa ölkələrin nümayəndəlikləri var. Onlar da istəyirlər ki, iş görüb, öz təsirlərini buraxsınlar. Amma bizim üçün də vacib olanı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə, dialoq qurmaqdır. Azərbaycan bizə sahib çıxacaq dövlətdir. Dinimiz bir, milliyətimiz birdir. Ona görə də dərdimizi Azərbaycana deməliyik. Azərbaycanla əlaqəmizin olmaması bizə ziyandır.

 

- İndi Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Müsəlmanları İdarəsi arasında heç bir dialoq yoxdur?

- Təssüf ki, yoxdur. Bizim ictimai dəstəyə ehtiyacımız var. Şiə məzhəbindən olduğum üçün mənə heç yerdən dəstək yoxdur. Deyə bilərsiniz, bəs İran? İnanın, heç onların da burada mütəşəkkil bir işi yoxdur. Kiçik bir ölkəyə elə də maraqları yoxdur. Bizim sünni qardaşlarımızın paylaşımlarından da görünür ki, onlar İranla yox, ancaq Türkiyənin Diyanət İşləri Nazirliyi ilə əməkdaşlığa tərəfdardırlar. Mən İran barədə danışanda yanlış anlayırlar. Burada məsələ şəxsi deyil.

- Gürcüstan Müsəlmanları İdarəsi yaranan zaman dövri mətbuatda Qardabani axundunun buna qarşı kəskin açıqlamaları var idi. O, bunu dövlətin dini işlərə müdaxiləsi sayırdı və azərbaycanlıların İdarədə 3-cü şəxs olacağını deyirdi. Bu iddialar nə dərəcədə doğrudur?

- İcmamızda bəzi qərəzli insanlar var. Siz yəqin ki, Namiq Xəlilovu deyirsiniz. Biz onu axundluqdan çıxardıqdan sonra o cür sözlər deməyə başladı. Həmin şəxs Gürcüstan Müsəlmanları İdarəsinin adından axund olaraq fəaliyyət göstərirdi və Qafqaz Müsəlmanları İdarəsinin əleyhinə danışırdı. Halbuki, biz onu axundluğa yaraşmayan hərəkətlərə görə işdən çıxarmışdıq. İyrənc hərəkətlərlə məşğul idi.

- Konkret nə ilə məşğul idi?

- Açığı şantajla məşğul idi. Üzr istəyirəm, müəyyən videolar çəkib pul alırdı. İfşa olundu, dövlət onu tutdu. Biz xahiş etdik ki, onun üzünü ruhani olduğu üçün göstərməsinlər. Çalışdıq ki, məhkəməsi də gizli şəkildə keçirilsin. Çalışdıq ki, azadlığa çıxsın. Mən özüm də Qardabanidənəm, bir eloğlu kimi ona dəstək verdim. Amma azadlığa çıxan kimi başladı əleyhimə danışmağa. Məni də qınayırdılar ki, sən neylədin? Gör, o neylədi. Qardabanidə o və Elcan Hüseynov problemli adamlar var. Marneulidə isə Mirtağı Əsədov müəyyən problemlər yaradır. Onların heç bir məlumatı yoxdur. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi dəfələrlə müraciət etdi ki, Azərbaycandan da nümayəndələr olsun. Onlar əməkdaşlığa çox sevinirlər. Gürcüstanın və Azərbaycanın dini maraqları eynidir. Azərbaycan da Gürcüstanda dini sabitlik istəyir, dinin siyasətə qarışmamasını istəyir. Ziddiyyətli heç bir məqam yoxdur. Mən həmişə demişəm ki, dini baxımdan bizə örnək İran ya Türkiyə yox, Azərbaycandır.  Diaspor Komitəsinin sədri Fuad Muradov da Gürcüstana gələndə ona dedim ki, bizim üçün ən gözəl örnək Azərbaycandır. Namiq Xəlilova məsləhət vermişdim ki, bu iş unudulsun. Onu işlə təmin edəcəm. Amma o adam səbr etmədi və qərəzli işlərlə məşğul olmağa başladı.

- Gürcü müsəlmanlarla azərbaycanlı müsəlmanlar arasında münasibətlər necədir?  

- Gürcüstan Müsəlmanları İdarəsi onları birləşdirməyə nail oldu. Bu qurum olmayana kimi bizim onlar, onların isə bizim haqda məlumatımız yox idi. Münasibətlərimiz gözəldir. Aramızda problem yoxdur. Hətta onlar şiə mərkəzlərinə getdilər, Kərbəlanı, Məşhədi ziyarət etdilər və anladılar ki, şiələr haqda təsəvvürləri yanlış imiş. İndi elə tədbirimz yoxdur ki, onları çağırmayaq. Onlar da bizi çağırır.


Xəbərə aid fotolar