Binəqədidə qonşusunu bıçaqlayan şəxs: "Məni təhqir etdi"


Digərləri 05 Dek 2018 16:24:00 254 0

Binəqədidə qonşusunu bıçaqlayan şəxs: "Məni təhqir etdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Bünyatov özünü qismən təqsirli bilib.

O, sərbəst ifadəsində söyləyib ki, qonşusu Xaliq Nəsirov onu əvvəlcə təhqir edib: "Həyətdə köynəksiz oturmuşdum. Qonşuya traktor gəlmişdi. Tez maşınıma əyləşib, onun yanına getdim. Pəncərəni də yuxarıya qədər qaldırmışdım. Geri qayıdanda Xaliq maşının qabağıma keçib, məni saxlatdı. Köynəksiz olduğuma irad bildirib, nalayiq söyüşlər söydü. Mən də maşını sürüb evə getdim və yağ kəsən bıçağı götürdüm, yenidən Xaliqin yanına gəldim. Çatan kimi də bıçaqla onu yaraladım".

Sualları cavablandıran Ə.Bünyatov qeyd edib ki, hadisədən bir neçə saat əvvəl pivə içib. O deyib ki, hadisədən sonra polislər gəlib, onu evdən aparıb: "Əməlimə görə peşmanam".

Daha sonra zərərçəkmiş X.Nəsirov dindirilib. O söyləyib ki, Ə.Bünyatov həyətə köynəksiz çıxdığı üçün ona irad bildirib: "Düzdü, maşınının qabağını saxladım. Əzizağaya da bir qardaş kimi dedim ki, "belə geyinmə, yol qırağıdır, qız-gəlin gedir". Sonra evə getdi və oğlu ilə geri qayıtdı. Oğlu Əzizağanın qolundan çəkirdi. Fikirləşdim ki, gəlsin, onunla yenə söhbət edək. Lakin gələn kimi məni bıçaqladı".