52 nəfərə 2 milyon manat ziyan vuran şirkət rəhbərinin məhkəməsi başladı


Digərləri 05 Dek 2018 14:25:00 272 0

52 nəfərə 2 milyon manat ziyan vuran şirkət rəhbərinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib.

S.İbrahimov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkən şəxs qismində ifadə verən Mərdan Vəliyev deyib ki, 2013-cü ilə o, "STS" şirkətindən mənzil alıb: "105 min 270 manat pul vermişəm. Hər şey hazır olan vaxtı məlum olub ki, mənzil başqa şəxsə də satılıb. Şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur".

Mərdan Vəliyev S.İbrahimovu tanımadığını, müqavilənin Məzahir Cəfərovla imzalandığını deyib.

Prosesdə digər zərərçəkən Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edərək müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib.

X.İmanov deyib ki, E. Allahverdiyev "STS" şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət edib: "Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binadan iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib. Mən S.İbrahimovla görüşdüm, o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib".

Zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb.