Xəyanətin cəzası ölüm, yoxsa qanundur? VİDEO FOTO
Digərləri 05 Dek 2018 13:53:00 285 0
Dədə-babadan belə eşitmişik "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Milli mentalitetə sığınan cəmiyyətimizdə bu ifadə az qala sloqana çevrilib. Qəribəsi odur ki, müasir dövrdə bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Cavid İmamoğlu - Sosioloq: "Bir kəs xəyanət edirsə, deməli, öz dəyərlərinə, öz şəxsiyyətinə qarşı edir bunu. Xəyanətin cəzasını nə kişi, nə qadın özbaşına verməməlidir və insanı, ümumiyyətlə, təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq kimi işlər görmək qətiyyən yolverilməzdir. Hər bir kişi, hər bir qadın bu məsələdə ehtiyatlı olmalıdır və bunu ictimailəşdirməməlidirlər bu formada. Çünki bu, başqa kişi və qadınlar üçün pis bir modeldir". Bu pis model əksər xəyanət hallarında tətbiq olunur. Xəyanət daha böyük cinayətlərə yol açır. Amma, əslində, bunun cəzası nə olmalıdır? Sakin: "Hüquqi qanunlarımız, normativlərimiz var. Yola getmirlər, xəyanət edib "razvod" ver, day durub öldürmək?!" Sakin: "Əgər sən onu seçmisənsə, xəyanət edirsənsə, sən alçalırsan. O, özünə cəza edib ki, o, istədiyi insana xəyanət edib". Sakin: "Baxır insanın psixologiyasına. Əgər xəyanət varsa da, bu halda hüquq-mühafizə orqanları var, dövlətin qanunları var". Əgər bir münasibətdə xəyanət varsa, deməli, həmin munasibətdə boşluq var. Amma ekspertlər səbəbindən asılı olmayaraq belə halların ictimailəşdirilməsini düzgün hesab etmir, qanun çərçivəsində həll olmasının vacibliyini vurğulayırlar. Mehriban Zeynalova - Ekspert: "İnsanın intim həyatı, yaxud onun şəxsi həyatı ilə bağlıdır, onu ictimailəşdirirlər. Müəyyən normalar olmalıdır, müəyyən etik qaydalar olmalıdır. Cinayəti varsa, cinayət məsuliyyətinin cəlbinə çalışmaq lazımdır. Amma təhqir etmək və onu aşağılamaq, onu nüfuzdan salmaq hamımızın əleyhinə çevrilən bir münasibətdir". Aida Nəbiyeva - Psixoloq: "Bugünkü gün biz əsəbləşdikdə, gərginləşdikdə ancaq qarşı tərəfi necə cəzalandıra bilərik, bu haqda düşünürük. Hirs, həyəcan, gərginlik nifrət heç bir zaman heç bir şeyin həlli deyil. Yenə də itirən ailə olur, yenə də itirən uşaq olur, cəmiyyət olur. Səbəb nə olursa olsun cəza üsulunu sivil yolla seçməliyik". Xəyanətin cəzasını özbaşına vermək istəyənin öz cəzası isə daha ağır olur. Qanunla şərəf və ləyaqətin təhqir olunması, fiziki təzyiq göstərmək məsuliyyət yaradır. Tağı Hüseynov - Hüquqşünas: "Cinayət Məcəlləsinin 148-ci maddəsi var, təhqirlə bağlı, onun da cəzası maksimum 6 aya qədər azadlıqdan məhrum olunmadır. Düzdür, 300 manatdan 1000-manatadək cəriməsi də var, bundan əlavə 240 saatdan 380 saatədək ictimai işləri də, 1 ilədək islah işləri də var. Həmin qadın istəsə, gələcəkdə mülki qaydada ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə pul tələbi ilə bağlı iddia da qaldıra bilər". Deyirlər xəyanətin cinsi olmaz. Bu, birbaşa şəxsiyyətlə bağlı olan məsələdir. Xəyanət edən də, ilk növbədə, öz şəxsiyyətini alçaltmış olur ki, bu da, əslində, ona ən ağır cəzadır.
Videonu izləmək üçün şəklə klikləyin:
Mənbə: milli.az