Əzələ qıcolması. Səbəblər və yardım


Digərləri 04 Dek 2018 23:35:00 505 0

Əzələ qıcolması. Səbəblər və yardım

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır.

Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: "Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.

Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşından yuxarı yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayanlar, həmçinin bəzi dərman preparatlarını qəbul edənlər daxildir.

Əzələ qıcolmasının səbəbləri məlum olmasa da, yaranması haqqında iki nəzəriyyə var. Bir qrup tədqiqatçılar hesab edirlər ki, əzələlər gün ərzində yetəri qədər dartılma hərəkəti etmədikdə əzələ yorğunluğu və qıcolmalara aparıb çıxarır, qan dövranı pozulur və əzələlərin normal işləməsi üçün lazım olan oksigen və qlükozanın çatdırılması ləngiyir. Özünümüdafiə səbəbi ilə əzələlərdə ani olaraq yığılmalar baş verir.

Digər nəzəriyyəyə görə isə qıcolma isti havada fiziki işlə məşğul olanda və ya uzun müddət susuz qalanda orqanizmin itirdiyi duzlar, xüsusilə də kalsium, maqnezium, kalium və natrium ionlarının çatışmazlığı nəticəsində yaranır. Bundan başqa uzun müddət eyni vəziyyətdə hərəkətsiz qalmaq da əzələlərdə qeyri-iradi yığılmalara səbəb ola bilər".