“Qızım üçün ata tutmuşam, amma onun bundan xəbəri yoxdur”


Digərləri 04 Dek 2018 21:25:00 324 0

“Qızım üçün ata tutmuşam, amma onun bundan xəbəri yoxdur”

Valideynləri ayrılanda və atası həyatından yoxa çıxanda Mequmi körpə olub. Lakin illər sonra anası deyib ki, atası ilə yenidən qovuşmaq istəyir. Beləliklə, Mequmi Yamadanı müntəzəm görməyə başlayıb. Qız elə bilir ki, bu kişi onun atasıdır və Yamada onun həqiqi adıdır. Amma bu, bir yalandır.

"Balaca vaxtından məndən soruşardı ki, atası haradadır, - Mequminin anası Asako deyir, - Bildiyi ancaq bu idi ki, atası o, doğulan kimi çıxıb gedib. Buna görə də elə hey özünü günahlandırırdı".

Əvvəlcə bu elə bir problem kimi görünmürdü. Lakin Mequmi 10 yaşına çatanda Asako qızının davranışındakı dəyişikliyi hiss etməyə başlamışdı:

"O, mənimlə danışmırdı və çox sakit, qaradinməz olmuşdu. Onun məktəbdə incidildiyini çox sonra bildim".

Asako bunu da aşkar edib ki, Mequmi valideynlərinin ayrılmasında təkcə özünü günahlandırmır. Sən demə məktəbdəki uşaqlar atasız olduğuna görə onu lağa qoyurlarmış. Yaponiyada tək valideyni olan uşaqlarla tez-tez belə rəftarlar olur.

Nəhayət qız o qədər cana yığılıb ki, məktəbə getməkdən imtina edib.

"O, mənim yeganə övladımdır və onu belə görəndə ürəyim ağrıyırdı", - Asako deyir.

Ana qızını bu vəziyyətdən çıxarmaq üçün məktəbdə müəllimlərdən kömək istəyib. Bu da bir fayda verməyəndə ağlına başqa bir ideya gəlib:

"Düşündüm ki, nəzakətli və ədəbli bir kişi, ideal ata, qızımın könlünü alacaq birisini tapsam, necə olar?"

Ana toylarda və görüşlərdə qonaq kimi aktyor kirayələyən agentliklərin olduğunu eşitmişdi. Bu, Yaponiyada geniş yayılmış bir işdir. Asako zəng edib soruşmuşdu ki, onun üçün saxta ata təşkil oluna bilərmi? Bundan sonra beş namizədi müsabiqədən keçirən ana Takaşi adlı kişinin üzərində dayanıb:

"Onunla danışmaq çox asan idi. Çox nəzakətli və suyu şirin idi. Odur ki, instinktlərimin dediyini elədim".

Takaşi 20 əməkdaşı və 1000-dək ştatdankənar işçisi olan kirayə agentliyinə rəhbərlik edir. Bu adamlar istənilən vəziyyətə uyğunlaşa bilən müxtəlif yaşlı qadın və kişilərdir. Onlar saxta adlar götürür və saxta rollar oynayırlar. Bunun üçün onlar tez-tez yalan danışmalı olurlar, amma qanunu heç vaxt pozmurlar.

O, indiyədək sevgili, biznesmen, dost və ata rollarını oynayıb. Beş saxta toyda bəy kimi iştirak edib.

Takaşi etiraf edir ki, bu rollara hazırlaşmalı olur. Bunun üçün Balaca Miss Xoşbəxtlik (Little Miss Sunshine) və ya "Törəmələr" (The Descendants) kimi Oscar mükafatlı Hollywood filmlərinə baxmalı olur. Bunlardan birincisində söhbət yola çıxmış ailədən gedir. İkinci filmdə isdə George Cloony yalnız ailə faciəsindən sonra atalığın nə demək olduğunu başa düşür.

"Mən bu filmləri öyrənir, oradakı kəlmə və ifadələri yadda saxlayıram. Mən müxtəlif ailə üzvlərinin arasındakı münasibət və təmaslara diqqət yetirirəm. Bu mənə necə bir ata və ya ər olmaqda kömək edir. Bu mənə kömək edir ki, müxtəlif ailə dinamikalarını və münasibətlərini başa düşüm".

Asako necə bir ata rolu istədiyini izah etmək üçün Takaşi ilə bir neçə dəfə görüşüb:

"Mənim istədiklərim çox sadə idi. Birincisi, istəyirdim ki, o, indiyədək Mequminin həyatında ola bilmədiyinə görə necə peşmançılıq keçirdiyini desin. İkincisi isə istəyirdim ki, qızımın bütün dediklərini dinləsin".

Asako bundan sonra Mequmiyə deyib ki, atası ikinci dəfə evlənib və indi öz ailəsi var, amma bu yaxınlarda əlaqə saxlayaraq deyib ki, onları görmək istəyir.

Qızına deyib ki, atası "aktyordur".

Mequmi əvvəlcə şoka düşüb, amma sonra görüşməyə razılıq verib. Beləliklə, Takaşi on il əvvəlki Yamada olub. Mequminin atası onun ən uzun və etik baxımdan ən birmənalı olmayan roludur.

Takaşi il görüşü hələ də xatırlayır:

"Çox qarışıq hisslər keçirirdim. O soruşurdu ki, niyə əvvəllər gəlib onu görməmişəm. Mən onun qəzəbini hiss edirdim".

Takaşi Yamada rolunda Mequmiyə və anasına ayda bir neçə dəfə baş çəkməyə başlayıb. Bir-iki dəfə birlikdə kinoya, ad günlərinə də gediblər. Asako deyir ki, qızı qısa bir müddətdə dəyişib:

"Bir müddətdən sonra Mequmi xoşbəxt bir insana çevrilib. Danışmağı sevir, şad-xürrəm idi. Hətta məktəbə qayıtmaq istəyirdi. Onda düşündüm ki, zəhmətinə dəyərmiş..."

Amma bir hadisə Asakonun yaddaşına həmişəlik həkk olunub. Asako Yamada ilə məktəbə valideyn iclasına getmişdi:

"Biz sinif otağının arxasında oturmuşduq. O bizi görmüşdü və dəqiqəbaşı dönüb bizə baxırdı. Onun üzündəki o böyük təbəssümü əvvəllər görməmişdim. Mən doğrudan da xoşbəxt idim".

Takaşinin xidməti ucuz deyil. Onun hər dəfə Yamadanı oynamasına Asako 10 min yen (70-90 dollar) ödəyir. Maaşının yaxşı olmasına baxmayaraq, daim qənaət etməli olur.