"Azərbaycanın İntellektual Birincisinin" regional turnirləri başa çatdı


Digərləri 04 Dek 2018 17:20:00 257 0

"Azərbaycanın İntellektual Birincisinin" regional turnirləri başa çatdı

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Son.az xəbər verir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.  

"Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Naxçıvan Muxtar Respublikası üzrə zona turniri baş tutub.  

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edib. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallıq göstərir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin istedadlarının üzə çıxarılması, intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər görülür. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında gənclər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsidir. Bu, Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biri olaraq muxtar respublikanın və Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə və beynəlxalq miqyasda təbliği baxımından böyük əhəmiyyətə malikdir. Bu il Naxçıvan şəhərində gənclərlə bağlı çoxsaylı ölkə və beynəlxalq səviyyəli tədbirlər keçirilib.

Sahir Rüstəmov "Azərbaycanın intellektual birincisi" layihəsinin gənclər üçün faydalı olacağını bildirib və iştirakçılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi, eyni zamanda, İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən tədbirlərdə də gənclər fəal iştirak edirlər.

Ölkəmizdə gənclərə, onların inkişafına dəstək göstərildiyini vurğulayan "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. Təşkilat sədri çıxışının sonunda layihə iştirakçılarına uğurlar arzulayıb.