Tramp Buşla vidalaşdı, əsgər salamı verib getdi


Dünya 04 Dek 2018 16:50:00 516 0

Tramp Buşla vidalaşdı, əsgər salamı verib getdi

ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya ölkənin sabiq prezidenti ata Corc Buşun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Birləşmiş Ştatların 41-ci prezidenti, 95 yaşında vəfat etmiş Corc Buşun nəşi olan tabut Vaşinqtonda, Kapitolinin rotonlasında idi.

Donald və Melaniya Tramplar tabutun önündə təqribən bir dəqiqə durublar. Bundan sonra Donald Tramp əsgər salamı verib, rotondanı tərk edib.

Kapitolidə C.Buşla vida mərasimi sabah səhər saatlarınadək davam edəcək.

ABŞ-ın 41-ci prezidenti Corc Uolker Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub.

Sabiq prezident cümə günü, yerli vaxtla saat 22:10-da vəfat edib.

Son illər səhhətinin zəifləməsinə baxmayaraq o, ictimaiyyət qarşısına çıxardı.

Corc Buşun bir müddətlik prezidentliyi vaxtı xarici siyasət üstünlük təşkil edib.

Bu dövrdə Şərqi Avropada kommunizm süquta uğrayıb və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsi baş verib.

Corc Buş İraq qüvvələrini Küveytdən çıxmağa məcbur edən hərbi koalisiyanın yaradılmasında aparıcı rol oynayıb.

Corc Buş Ronald Reyqan administrasiyasında iki dəfə vitse-prezident olandan sonra prezident seçilsə də, bu vəzifədə cəmi bir müddət qala bilib.

1992-ci ildə, iqtisadiyyatın zəifləməsi şəraitində keçirilən seçkilərdə onu Bill Klinton məğlub etdi.

1988-ci ildə o, "Dodaqlarımdan oxuyun. Yeni vergilər olmayacaq" məşhur vədlə çıxış etsə də, daha sonra onu yerinə yetirə bilməmişdi.