Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb


Digərləri 04 Dek 2018 13:59:11 189 0

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Təlim kursu “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusuna həsr olunub

Bakı. Ceyhun Ələkbərov - Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə 5-ci təlim kursuna başlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu dəfəki təlim “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır. Təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin proritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. A.Əliyev bu istiqamətdə Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. Ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıran nazir müavini gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.