Milyonların silindiyi kitabça məhkəmədə...


Digərləri 04 Dek 2018 09:27:00 216 0

Milyonların silindiyi kitabça məhkəmədə...

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov həbs edilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, dələduzluqda ittiham edilən R.Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən Hüseynov deyir ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın "qara mühasibat"lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsi ilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsi ilə ona çatdırılan pulları ödəməkdən imtina edir. Bildirir ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib.


Xəbərə aid foto