Venesiyada Azərbaycan çayı üçün darıxan tələbə Xaricdə təhsil FOTO


Digərləri 03 Dek 2018 22:17:00 333 0

Venesiyada Azərbaycan çayı üçün darıxan tələbə  Xaricdə təhsil  FOTO

Nicat Misirli: "İtaliya Avropanın Azərbaycanıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Həm ziyarət, həm ticarət" düşüncəsi ilə yola çıxıb. Deyir ki, məqsədi həm təhsil almaq, həm də müxtəlif ölkələrə səyahət etmək idi. Buna görə də, dostu ilə birgə xaricdə təhsil almaq qərarına gəlirlər. Ailəsinə yük olmaq istəmədiyinə görə, bir müddət təqaüd axtarışında olan həmsöhbətim, nəhayət, İtaliyada təqaüdlü təhsil şansı qazanır. Müsahibim İtaliyanın Venetsiya şəhərində Ca Foscari universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Nicat Misirlidir. Qeyd edək ki, o, bakalavr təhsilini Bakı Dövlət Universitetində amerikaşünaslıq ixtisası üzrə alıb.   - Necə düşünürsünüz, sizcə, təhsil bir gəncin həyatında nə dərəcədə önəmli rol oynayır?

- Düşünürəm ki, bu məsələ gənclərin istedadına və cəmiyyətin dəyərvermə qabiliyyətinə görə dəyişir. İstedadı olan istənilən gənc qabağa gedə bilər. Öz ayaqları üstündə durmaq və sərbəst yaşaya bilmək üçün təhsil müəyyən qədər rol oynayır. Lakin məqsəd inkişafa meylli bir həyat yaşamaqdırsa, o zaman macəralar qaçılmaz olur.

- Bəs sizcə, bir insanın təhsilə yönəlməsində ailənin rolu nə qədərdir? Ailəniz sizə necə dəstək oldu?

- Məncə, ailə  təhsilin ilkin mərhələsində çox böyük rol oynayır. Amma bu kömək müəyyən yerə qədər olmalıdır. Yəni körpə uşaq ilk vaxtlar ayaq açıb yeriyəndə necə kömək ediriksə, bu da elə olmalıdır. Çünki bir müddət sonra o özü sərbəst gəzməyi öyrənir. Bu mərhələdən sonra sən onun əlindən tutmaqla kömək etmək əvəzinə, sadəcə, mane olacaqsan. Təhsilin ilk pilləsində ailəmiz bizə doğru məktəbin seçimi və s. kimi vacib məsələlərdə kömək edir. Bu dövr hər bir uşaq üçün çox önəmlidir. Çünki həmin ərəfədə qərarlarımız normal olaraq valideynlərimiz tərəfindən alınır. Növbəti pillədə isə sərbəstliyin tərəfdarıyam. Çünki gənclərin ixtisas seçimində ailənin "kömək" adı altında etdiyi hər hansı bir təzyiq, insanı istər-istəməz, sıxır və bezdirir.     - Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz İtaliya?

- Əslində, xaricdə təhsil almaq qərarını dostumla birgə verdim. Məqsədimiz isə həm bir az səyahət etmək, həm də təhsildə uğura imza atmaq idi. "Nə üçün İtaliya?" sualına isə cavab olaraq deyə bilərəm ki, mən beşuşaqlı ailədə böyümüşəm və orta təhsilimi türk liseyində almışam. Orada təhsil almaq ödənişli idi. Təqribən, ailəm buna görə 2500 manat ödəyirdi. Universitetə qəbul olan zaman fikirləşdim ki, artıq ailəmə yük olmamalıyam. Bunu özümə təlqin etməyə başladım. Beləcə, ödənişsiz əsaslarla BDU-ya qəbul oldum. Həmin vaxt təqaüd alaraq özümü bir növ həyata atılmış gənc kimi görməyə başladım. Hesab edirdim ki, 17 yaşlı bir gəncin ən böyük missiyası məhz bu olmalıdır. Bakalavr təhsilini bitirdikdən sonra isə araşdırmalara başladım. Bakalavrda oxuyarkən ailəsinə yük olmaqdan qaçan biri kimi, magistr dərəcəsində də eynilə onlara əziyyət vermək istəmədim. Müxtəlif növ təqaüd proqramları ilə maraqlandım. Araşdırmalar zamanı akademik göstəricilərimə uyğun olaraq, İtaliyada təqaüdlü təhsili qazanmaq şansımın daha yüksək olduğunu gördüm. Buna görə də seçimim İtaliya oldu.

- İtaliyada təhsil sistemi necədir? Hansı oxşar və fərqli məqamlar var?

- İtaliyada təhsil sistemi ümumilikdə götürdükdə, qənaətbəxşdir. Bir çox mübadilə proqramlarının olması İtaliyada təhsilin vacibliyindən xəbər verən amildir. Əsas fərqli xüsusiyyətlərdən biri - azərbaycanlı tələblərin sevdiyi əsas məqam olan "qayıb" söhbətinin olmamağıdır.  Burada tələbə dərsə 30 dəqiqə gec girə bilər. Həmçinin, dərsdən 40 dəqiqə tez də çıxa bilərsən. Yəni belə deyim, burada Azərbaycandakı kimi "müəllim, Ayşənin ürəyi bulanır, olar, beş nəfər qız birlikdə  onunla çölə çıxaq?" söhbəti yoxdur, tələbələr sərbəstdir. Tələbələrin mühazirə gedən zaman deyiləni kompüterdə yazdıqlarını görəndə də təəccüblənmişdim. Oxşar cəhəti tapmaq üçün əslində, xeyli fikirləşmişəm. Onu deyə bilərəm ki, burada da müəllim zarafat edərkən,  gülməli olmasa da, gülməyə çalışan tələbə toplusu var.   - Dərsləriniz necədir, imtahanları vermək çətindir?

- Dərslərin maraqlı olanı da var, olmayanı da. İmtahanlar isə müəllimin kefinə görə dəyişir. Yəni imtahanları bəzən  yazılı, bəzən isə şifahi  formada veririk.    - Təhsil aldığınız ölkədə sizi təəccübləndirən nə olub?

- İtaliyada mənə ən qəribə gələn məqam, orada marketlərin erkən saatlarda  bağlanması olub. Demək olar ki, axşam saat 7-8 radələrində bütün marketlər bağlanır. Amma ümumilikdə, çox da təəccübləndirəcək bir şey yoxdur. Çünki italyanlar bir çox xüsusiyyətlərinə görə, bizə oxşayır. Bəzi məqamlarda isə hətta bizim kimidirlər.


Xəbərə aid fotolar