Azərbaycan və Rusiya şərqşünaslarının qarşılıqlı elmi əlaqələri genişlənir (FOTO)


Digərləri 03 Dek 2018 19:40:00 428 0

Azərbaycan və Rusiya şərqşünaslarının qarşılıqlı elmi əlaqələri genişlənir (FOTO)

Sankt-Peterburqda “Rusiya və Şərq. Akademik şərqşünaslığın 200 illiyi” mövzusunda beynəlxalq forum keçirilib.

Bakı. Sankt-Peterburqda “Rusiya və Şərq. Akademik şərqşünaslığın 200 illiyi” mövzusunda beynəlxalq forum keçirilib. AMEA Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, forum Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun yaranmasının 200 illiynə həsr olunub. Forumda Azərbaycanı AMEA prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə AMEA Humanitar elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA İctimai elmlər bölməsinin akademik katibi akademik Nərgiz Axundova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili akademik Gövhər Baxşəliyeva və digərləri daxil idi. Forumun işində 20 ölkədən 300-dən çox alim-tədqiqatçı iştirak edib. Forumun təntənəli açılış mərasimində akademik Akif Əlizadə geniş nitqlə çıxış etdi və Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik etdi, Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, prof. İ.F.Popovaya təqdim etdi. Forumun ikinci günündə ümumi təbriklər davam etdi. Azərbaycan alimləri adından akademik Nərgiz Axundova çıxış etdi və REA Şərq Əlyazmaları İnstitutunun kollektivini bu böyük yubiley münasibətilə səmimi qəlbdən təbrik etdi. Daha sonra dəyirmi masalar keçirildi. Azərbaycanlı alimlər əsasən “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər” mövzusunda dəyirmi masada iştirak etdilər. İlk öncə söz AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevaya verildi. O, REA Şərq Əlyazmaları İnstitutunun direktorunu və çoxsaylı kollektivini yubiley münasibətilə təbrik etdi, xoş arzularını bildirdi. G.Baxşəliyeva vaxtilə Rusiya və Azərbaycan şərqşünasları arasında mövcud olmuş sıx əlaqələrdən söhbət açdı və bu gün də həmin əlaqələrin bərpasına böyük ehtiyac olduğunu vurğuladı. Sonra tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə REA Şərq Əlyazmaları İnstitutu arasında elmi-təşkilati əməkdaşlıq haqqında protokol imzalandı. İmzalanan protokol İnstitutların mövcud şöbələrinin birgə layihələr həyata keçirmələrini, tədqiqatlar aparmalarını, elmi işçilər və doktorantlar üçün qarşılıqlı təkmilləşdirmə kurslarının təşkilini, elmi, dövrü ədəbiyyat və kadr mübadiləsini və s.-ni nəzərdə tutur. Protokolu Azərbaycan tərəfdən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili akademik G.Baxşəliyeva, Rusiya tərəfdən REA Şərq Əlyazmaları İnstitutunun direktoru, prof. İ.Popova imzaladılar.