Azərbaycan 10 ayda 1,4 mlrd. dollarlıq qeyrineft məhsulu ixrac edib


Digərləri 03 Dek 2018 14:05:00 235 0

Azərbaycan 10 ayda 1,4 mlrd. dollarlıq qeyrineft məhsulu ixrac edib

2018-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib

2018-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib.

Son.az report-a istinadən bildirir ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon ABŞ dolları və ya 11% artıb. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5 milyon və Qazaxıstana 38,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10%, Türkiyəyə 21%, İsveçrəyə 1%, Qazaxıstana 48% artıb, Gürcüstana isə 1,4% azalıb.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 99,9 milyon ABŞ dolları) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 102,7 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 72,2 milyon, pambıq lifi ixracı 64,5 milyon, kimya sənayesi məhsullarının ixracı 63,9 milyon, pambıq ipliyi ixracı 19 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 62%, pambıq ipliyinin ixracı 41%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 28%, meyvə-tərəvəzin ixracı 8%, alüminium və ondan hazırlanan məmulatların ixracı 5%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5% artıb.