"Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm"


Şou-biznes 03 Dek 2018 12:09:26 246 0

"Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm"

"Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yarana"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın son söz deyib.

O, cinayət əməlini bilərəkdən törətmədiyini bildirib.

F.Laçın çıxışında çox peşman olduğnu söyləyib: "Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl törətməmişəm. Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub və dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur".

Müğənni 9 nəfərlik ailəsinin olduğunu vurğulayıb: "Xahiş edirəm bunu nəzərə alasınız. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bu, bir ana kimi mənə böyük dağdır, 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Bu son hadisə də onu göstərdi ki, həqiqətən də, mən bəxtsiz və talesiz bir insanam".

F.Laçın məhkəmədən əfv olunmasını xahiş edib: "Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedib, 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla "Yasin" oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil. Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yarana. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə bundan imtina edərdim. Çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm".