Xurmanın qiyməti iki dəfə ucuzlaşıb


Digərləri 03 Dek 2018 09:20:00 275 0

Xurmanın qiyməti iki dəfə ucuzlaşıb

Artıq xurma mövsümü sona çatır

.

Son.az qafqazinfo-ya istinadla bildirir ki, "Azərbaycan" qəzeti bununla bağlı Ağdaş rayonunun daha çox xurma əkilən Ağcayazı kəndindən reportaj hazırlayıb. Kənd 380 təsərrüfatdan ibarətdir. Həmin təsərrüfatların təxminən 300-də xurma yetişdirilir. Onların arasında 0,20 hektarlığı da var, 10 hektarlığı da. Ümumilikdə isə xurma bağları 200 hektardan çoxdur.

Kənd sakini, fermer Şahmalı Kərimovun deyir ki, 10 hektar xurma bağı var. Onun 6 hektarı tam məhsuldar, 4 hektarı cavan bağlardır: "Məhsuldarlıq keçən il də yaxşı olub. Lakin builki məhsul əvvəlki ildə olduğundan orta hesabla iki dəfəyə yaxın çoxdur. Amma qiymət keçən ildəkindən ucuzdur. Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq. İndi isə qiymət orta hesabla 3 manatdır".

Fermer deyir ki, qiymətin düşməsi mənfəətə təsir göstərir. Belə ki, xurma bağları davamlı qulluq tələb etdiyindən xərci də çoxdur: "Məhsul yığılıb təhvil verildikdən sonra növbəti yığım dövrünədək hər gün burada çalışanlara 30 manat ödəniş edilir. Budama, suvarma, gübrə verilməsi də pul tələb edən işlərdir. İşin həcmi artdıqda mütləq əlavə işçi qüvvəsi tələb edilir. Daha çox işçi isə yığım mövsümündə olur. Sentyabrın 15-dən başlayaraq yığım qurtaranadək gündəlik işçi sayı orta hesabla 15 nəfərə çatır".