Kişi ilə sevgili olan kişi aparıcı, Nazpərinin Elzaya "bazar adamı" deməsi, Teymur əminin "jim"i, Elnarənin falçıya getməsi


Şou-biznes 03 Dek 2018 00:45:00 353 0

Kişi ilə sevgili olan kişi aparıcı, Nazpərinin Elzaya "bazar adamı" deməsi, Teymur əminin "jim"i, Elnarənin falçıya getməsi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (200-cü say) təqdim edir.

Ötən həftə yazılan 36 şərhin hər birinin müəllifinə təşəkkür edirəm və bilin ki, hamınızın yazdığınızı ayrıca oxuyuram, bəzi şərhlərdən isə nəticə çıxarmağa çalışıram. Başqa adlarla şərh yazdıran müğənniləri isə xüsusən salamlayıram. Bir bilsəniz ki, Qulpqoyan dayı o şərhləri oxuyanda sizə nələr deyir, nələr... Söhbət müğənnilərin yazdırdığı şərhlərdən gedir ha. Keçək ötən həftəyə... Və bu arada yubiley buraxılışımız münasibətilə həm özümü, həm də oxucularımı təbrik edirəm.

Heç şübhəsiz ki, ötən həftənin şou gündəminin adamı Elza Seyidcahan oldu. Və elə indi mənim o xanımın adını bu sətirlərdə hallandırmağım da ona olan aşırı simpatiyam, yaxud zəhləmin getməyi deyil. Sadəcə, adam ya çox ağıllıdır, özü-özünü reklam etməyi bacarır, ya da Rasim Balayev demiş, Elzaya dur deyən tapılmalıdır. Kimsə deməlidir ki, get, işinlə məşğul ol, sən şair deyilsən, heç müğənni də deyilsən. Amma bir məsələ də var ki, belə də deyəndə deputat Nizami Cəfərov çıxıb Elzanın yerinə o boyda Rasim Balayevə irad bildirir. Deyir ki, kimsə Elzaya "sən şair deyilsən" iradını tuta bilməz.

Bunu da keçdik. Bəs münsifi olduğun yarışmanın iştirakçısına "səhnəyə canavar kimi gəlib, pişik kimi oxudun, quzu kimi mələdin" nə deməkdir. Axı o uşaqların ilk addımlarıdır. Lap deyək ki, ilk addımları deyil e, qırx ildir səhnədədirlər. Kiməsə pişik kimi oxudun demək hansı mədəniyyətə sığır? O məntiqlə Elzanın sosial şəbəkələrdəki məşhur "hahahaha" mahnısı ulamağı xatırladır. İndi biz Elzaya deyək ki, başında qazan səhnəyə çıxıb niyə ulayırsan? Demək olmaz, vallah, olmaz. Sonucda Elza da bir insandı, şəxsiyyət vəsiqəsi daşıyır, hələ fəxri adı da üstəlik. Bir az da bərkə düşəndə "mən boyda əməkdar artist" deyib, öyünür. Mən boyda e. 

Hər şeyin kulminasiyası isə "Azərbaycanın səsi" adlanan, amma Azərbaycanın 90 faizi yuxuya gedəndən sonra efirə verilən yarışmada baş verdi. Adam Nazpəri Dostəliyevanı öz tələbəsi adlandırır, iki mahnımı pulsuz oxumusan deyir. Nazpəri Dostəliyeva da "belə bazar adamıyla oturmaram" deyib, efiri tərk edir. Axı bunun adı nədir? Axı səlahiyyətli şəxslər bu qadından o qədərmi çəkinirlər ki, ya efir qadağası qoymurlar, yaxud dəvət edib efirdə necə davranmaq lazım olduğunu izah etmirlər. Adam çıxıb münsifi olduğu yarışmanın iştirakçısını təhqir edir və heç bir qurumun də reaksiyası yoxdur.