"Hamıya göstərdik ki, biz də bacarırıq" Örnək FOTO


Digərləri 02 Dek 2018 22:58:00 297 0

"Hamıya göstərdik ki, biz də bacarırıq"  Örnək  FOTO

Ülkər Şərifova: Nə qədər ki özümüzə qapanırıq, cəmiyyət bizi qəbul etməyəcək 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, özünü belə təqdim edir: gözəllik eksperti, menecer, SMM, nişanlı və fiziki məhdudiyyətli sadə bir qız. Amma "sadə bir qız" təqdimatının arxasında güclü, motivasiya dolu, həyatsevər, zövqlü, işgüzar, fiziki məhdudiyyətli insanlara örnək bir qız dayanır. Biz də bu dəfə onunla söhbətləşdik. Rubrikamızın qonağı Ülkər Şərifovadır.   "Ətrafımda zəif insan ola bilməz"   Ağdaşda anadan olub. Orta məktəbi bitirdikdən sonra özəl kollecdə kompyuter operatorluğu üzrə təhsil alıb. 9 il kosmetika şirkətlərindən birində gözəllik eksperti və menecer kimi işləyib. Son 3 ildir sosial şəbəkələrin idarə edilməsi üzrə işləyir. "Arabaçı TV" səhifəsinin idarəçilərindən biridir. Bir müddət isə arabalı əlillərin məşğul ola biləcəyi Boccia idman növü ilə məşğul olub. Hətta ölkə çempionatında 3-cü yerə qədər irəliləyib. Hər zaman həyatsevərliyi ilə həmyaşıdlarından seçilən Ülkər deyir ki, fiziki məhdudiyyəti onun üçün heç vaxt dərd olmayıb: "Hər zaman ən kiçik problemlərdə üsyan edən, yenilən insanlardan qaçmışam. Fikrimcə, onlar zəif insanlardır və mənim ətrafımda zəif insan, əsla ola bilməz. Çünki mən güclüyəm".

"Əgər çətinlik yaşamışamsa..."   Həmsöhbətimizin xəstəliyi 9 yaşından sonra başlayıb. Əvvəllər normal yerisə də, sonradan bu qabiliyyətini itirib: "Məhdudiyyətim anadangəlmə deyil, "kalsi" sindromu xəstəsiyəm. Bu xəstəlik təxminən 9 yaşımdan başlayıb. Amma ilk sindromlar özünü 1 yaşından göstərib. Özümü çox şanslı hiss edirəm. Çünki mənə dəstək olan çox yaxşı ailəm var. Xüsusilə də anam. İstər təhsil almağımda, istərsə də cəmiyyətdə aktiv iştirak etməyimdə anamın rolu çoxdur. Mən məhdudiyyətlərimə görə, heç vaxt özümə qapanmamışam. Əgər bir çətinlik yaşamışamsa, düşünmüşəm ki, arxasında mütləq daha böyük uğur, nailiyyət məni gözləyir. Bu gün cəmiyyətdə özünə qapanan əlillər var. Bunun ən başlıca səbəbi ailələridir. Ailələr fiziki məhdudiyyətli insanları cəmiyyətdən gizlətdikcə, bu, istər-istəməz özünə qapanmaya səbəb olur".  


Xəbərə aid fotolar