Hamiləlik qadınları süd vəzisi xərçəngindən qoruyur


Digərləri 02 Dek 2018 22:49:00 310 0

Hamiləlik qadınları süd vəzisi xərçəngindən qoruyur

Son illər qadınları narahat edən xəstəliklər arasında süd vəzisi xərçəngi ön sıralarda yer alır. Buna səbəb insanların xərçəngi müalicəsi olmayan bir xəstəlik kimi qəbul etməsidir. Lakin xərçəngin bu növünün qarşısını almaq üçün görüləcək konkret tədbirlər var. Vaxtında baş tutan evlilik bu xəstəliyin profilaktikası üçün əhəmiyyət daşıyır. Çünki 30 yaşından əvvəl hamilə qalan qadınlarda hormonlar süd vəzisi toxumasına ciddi təsir göstərir. Bu da orqanizmi uzun müddət ərzində süd vəzisi xərçəngindən qoruyur.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, universitetin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq Günel Qəmbərova universitetin mətbuat xidmətinə məlumat verib.

Avropa Radioloqlar Assosiasiyasının üzvü olan mütəxəssis 30 yaşından öncə ana olan xanımlarda süd vəzisi xərçəngi riskinin 30 faiz azaldığını qeyd edib. Gecikmiş hamiləliklərdə isə bu göstəricilər ciddi şəkildə dəyişir: "Hamiləlik zamanı süd vəzisi xərçənginə az rast gəlinir. Lakin bir istisna hallar var. Öncədən yaranan xərçəng hamiləlik zamanı hormonların təsiri nəticəsində sürətlə aqressivləşir və palpator hiss olunan səviyyəyə çatır. Hamiləlikdə rast gəlinən bəd törəmələr daha gecikmiş mərhələlərdə aşkarlanır. İlk aylardan etibarən hamilə mütləq həm ginekoloq, həm də mamoloqun müayinəsindən keçməlidir. Bu dövrdə süd vəzisində əmələ gələn kütlələrin 80 faizi süd kistası, yağ toxuması, fibroadenoma kimi xoşxassəli törəmələr ola bilər. Ancaq süd vəzisində əmələ gələn dəri qızarması və dartınması, şişməsi, qanlı ifrazat kimi hallarda mamoloqun müayinəsi mütləqdir".

Həkim qeyd edib ki, hamiləlik zamanı anaya və dölə heç bir zərər yetirməyən müayinə ultrasəsdir (USM). USM altında biopsiya götürmək çox asandır. Bəzən hamiləliyə görə süd vəzisi atomik və struktur olaraq elə formada dəyişə bilər ki, bu zaman ultrasəs hissiyyatı da azalar. Belə olarsa, ən vacib hallarda belə süd vəzisinin maqnit rezonans tomoqrafiyasını aparmaq olmaz. Ümumiyyətlə, hamilələrə kompüter tomoqrafiyası birbaşa əks göstərişdir.