"Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur"


Digərləri 02 Dek 2018 22:26:00 350 0

"Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur"

Erdal Beşikçioğlu "Olmadı, təzədən oynayaq" deyən aktyorların ərköyünlüyünü teatr götürməz 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin tanınmış serial və kino aktyoru Erdal Beşikçioğlu yerli "Günaydın" qəzetinə müsahibə verib. Aktyor teatrın bir məbəd olduğunu, serialların isə qısamüddətli məşhurluq  gətirdiyi qənaətindədir.     - Erdal bəy, "Teatrlara daha çox diqqət göstərin" deyəcək qədər, teatra  böyük sevgi ilə bağlısınız. Sizi teatra bu qədər çox bağlayan nədir?

- Özümə heç zaman belə bir sual verməmişəm. Amma teatrın canlı olmağı və səhnədə olarkən tamaşaçı ilə paylaşdığımız o duyğunu heç nə ilə əvəz edə bilmərəm. Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur.    - Televiziyadan qazandığı pulu teatra xərcləyən insanlar var. Onlara münasibətiniz necədir?

- Mən də televiziyadan qazandığım pulu teatra xərcləyirəm. Televiziya ilə teatr bir-birini bəsləyən sənətdir. Artıq televiziya, serial, film çəkilişlərinə ara vermişəm. Serial sahəsində olan ağır şərtləri ruhum qaldıra bilmir. Çünki indiki Türkiyədə nümayiş olunan serial çəkilişləri çox uzundur. Təsəvvür edin ki, hər bölümü 180 dəqiqə çəkilir. Serialın belə uzun olması üçün isə ssenarini daha da uzadırlar. Sponsorlar isə bu müddətin qısalmağını heç istəmirlər. Keyfiyyətli serial təqdim etmək üçün ilk növbədə bu düşüncə ortadan qalxmalıdır.    - Amma siz də televiziyalarda nümayiş olunan seriallarda oynadınız.

- Elədir, ancaq hər zaman özümü teatr sənətçisi olaraq görmüşəm. Konservatoriyadan məzun olmuş digər dostlarımla birlikdə, biz teatr aktyorlarıyıq. Canlı sənətlə məşğul olmaq hər igidin işi deyil. Televiziyada aktyorluq etməklə, teatr sahəsində olmaq bambaşqa şeylərdir. Teatrda təhsil almamış bir aktyor, bəlkə də 30 kişinin qarşısında oynayar, amma 800 kişinin qarşısında oynaya bilərmi, mühüm olan budur? Oynaya bilməz. Onun  buna  gücü çatmaz. Sözünü deyə bilməz, nəfəsi çatmaz. Aktyorlar idmançı kimidirlər. Hərəkət etməsələr, səhnədə oynaya bilməzlər. Çünki teatr canlıdır. "Olmadı, təzədən oynayaq" deyən aktyorların ərköyünlüyünü teatr götürməz, qəbul edə bilməz.     - 4 noyabrda "Bir dəlinin xatirə dəftəri" tamaşası ilə İstanbul teatrsevərləri ilə görüşdünüz. Səhnədəki performansınız xeyli alqışlandı.