Media qurumlarının əlaqələrini gücləndirmək yolları müzakirə edildi


Digərləri 02 Dek 2018 17:06:00 250 0

Media qurumlarının əlaqələrini gücləndirmək yolları müzakirə edildi

Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş direktoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) sədri Şeyx Mübarək Duaic İbrahim əl-Sabah bu ölkədə səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanovla görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə KUNA ilə OANA arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, media sahəsində əlaqələrin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Küveyt-Azərbaycan münasibətlərinə toxunulub. Belə bir yekdil fikir ifadə olunub ki, milli xəbər agentliklərinin əməkdaşlığı iki ölkəni birləşdirən əlaqələrin miqyasına uyğun səviyyədə genişləndirilməlidir.

Aslan Aslanov görüşdən xatirə olaraq Şeyx Mübarək Duaicə milli ornamentlərlə bəzədilmiş Azərbaycan xalçası və kitablar hədiyyə edib. Kitablardan biri açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi Dünya Xəbər Agentliklərinin Bakı Konqresi barədədir. Konqresdə aparılan müzakirələrdə KUNA-nın Baş direktoru Şeyx Mübarək Duaic də çıxış edərək medianın aktual problemlərinin həlli barədə faydalı fikirlər səsləndirib. Konqresin materialları nəşrdə Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində verilib. Digər kitab isə dünya xəbər agentliklərinin, o cümlədən KUNA-nın təqdim etdiyi fotolar əsasında nəşr olunub.


Xəbərə aid fotolar