İki məşriq və iki məğribin mənası nədir?


Digərləri 01 Dek 2018 23:15:00 245 0

İki məşriq və iki məğribin mənası nədir?

Rəhman surəsinin 17-ci ayəsində iki məşriqdən (günçıxandan) və iki məğribdən (günbatandan) danışılır. Bunun mənası nədir?

Ayədə buyurulur: "İki məşriqin və iki məğribin Rəbbi Odur" (Rəhman, 17). Bu ayənin mənası barədə təfsir alimlərinin fikirləri müxtəlifdir. Bəziləri burada Günəşin və Ayın ayrı-ayrılıqda çıxıb-batma nöqtələrinin nəzərdə tutulduğunu söyləmişlər. Əksər alimlərə görə isə burada Günəşin Yerə nisbətən tutduğu 4 böhran nöqtədən danışılır. Belə ki, Günəş əslində hər gün əvvəlkindən bir qədər fərqli nöqtədə çıxır və batır. Çünki Günəş də, Yer də daim hərəkətdədir və onların qarşılıqlı vəziyyəti azacıq da olsa dəyişir. Bu fərqlilik Yerin öz oxu ətrafında fırlanma oxu ilə Yerin Günəş ətrafında fırlanma orbitinin müstəvisi arasında qalan bucaqdan asılıdır. İldə iki dəfə - yayın və qışın ilk günlərində Günəşin Yer kürəsinə nisbətən vəziyyəti böhran nöqtəyə çatır. Həmin günlərdə gündüzlərin və gecələrin uzunluğu müvafiq olaraq ən çox və ən az olur. Belə ki, yayın ilk günündə (20-21 iyun) ən uzun gündüz və ən qısa gecə müşahidə edilir. Qışın başlanğıcı (20-21 dekabr) isə ən qısa gündüz və ən uzun gecə sayılır. Beləcə, bu ayədə Günəşin hər il ən tez görünüb ən gec batdığı və daha sonra isə ən gec görünüb ən tez batdığı hallar nəzərdə tutulur. Bunlar iki məşriq və iki məğrib kimi təqdim edilir.