İngilis demokratiyasının yaranması:


Digərləri 01 Dek 2018 19:56:00 216 0

İngilis demokratiyasının yaranması:

İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar. Məhz ingilislər hələ Orta Əsrlərdə öz krallarının hakimiyyətini həvəslə məhdudlaşdırmağa başlayıblar.

İngilis parlament demokratiyasının formalaşması tarixində 1311-ci ilin ordonansları mühüm mərhələ olub. Həmin ordonanslar kralı müharibəyə başlamaq səlahiyyətindən məhrum edirdi - amma, bu, çox çəkmədi.

Bu material - BBC Rus Xidmətinin Britaniyada kral hakimiyyətini məhdudlaşdıran sənəd və hadisələr barədə, "İngilis demokratiyasının yaranması" adlı xüsusi layihəsinin bir hissəsidir.

Əvvəlki hissələrdə söhbət Azadlıqlar Xartiyası, Böyük Azadlıqlar xartiyası və parlamentin yaranmasından gedib.

Dördüncü hissə: 1311-ci ilin ordonansları və ya kral nə qədər zəifdirsə, məhdudiyyətlər də o qədər sərtdir.

I Edward baronlara anadan olmuş körpə oğlunu göstərir.

Ən əvvəldən ingilislərin kral II Edward-a münasibəti heç də pis olmayıb. Gənc kral 1307-ci ildə taxt-taca keçəndə ona əslində, rəğbət bəslənilib.

O dövrdə baronları daha çox narahat edən vergi məsələsi idi.

Gənc kralın atası I Edward sərt monarx olub. Şotlandlarla apardığı müharibəni maliyyələşdirmək üçün o, aristokratları vergi ödəməyə məcbur edib.

Baronlar narazılıqlarını bildirsələr də, vergiləri ödəyirdilər, ordunu ərzaqla təmin edirdilər, çünki I Edward müzəffər sərkərdə idi və onun dövründə şotlandlar çətin vəziyyətdə olub. Əbəs yerə onun qəbrinin üzərinə "şotlandların gürzü" döyəclənməyib .

II Edward vergiləri yığmaqda davam edirdi, lakin müharibə aparmırdı. Şotlandiyanın yeni kralı Robert Bruce bu fürsətdən istifadə etdi.

O, tez bir zamanda ingilislərin zəbt etdiyi torpaqları geri aldı, sonra isə özü də cənubdakı qonşularına hücum etməyə başladı.

Lakin baronların narazılığının əsas səbəbi kralın favoriti, fransız Piers Gaveston idi.

Baronlar hesab edirdilər ki, Gaveston özünü kobud aparır və kralla dostluğundan istifadə edərək, ondan həddindən çox hədiyyə qopara bilib.

II Edward və Piers Gaveston.

Gaveston və onun əməlləri baronları elə boğaza yığdı ki, parlament fransızı İngiltərədən qovmaq qərarına gəldi.

Kral buna razılığını verməyə məcbur olub Gaveston-u İrlandiyaya fəxri sürgünə göndərdi. Lakin kral bundan sonra dostu üçün darıxmağa və dərhal onun geri qaytarılmasını planlaşdırmağa başladı.

Tac kraldan daha vacibdir

II Edward Ciensister-də Milad bayramını qeyd edir.

II Edward Ciensister-də Milad bayramını qeyd edir.

1308-ci ilin aprelində baronların səbri tükəndi və onlar əllərində silah parlamentə yollandılar.

Onlar II Edward-a bildirdilər ki, əgər taxtını qorumaq istəyirsə, onda güzəştə getməlidir və ağıllı adamların, yəni baronların məsləhətlərinə əməl etməlidir.

Çıxılmaz vəziyyətdə olan kral islahatlar planını hazırlamaq üçün lordlardan ibarət komissiya təyin etməyə razılıq verdi.

Tarixi əsər

1322 ildə Boroughbridge yaxınlığında baş vermiş döyüşdə kralın qoşunları üsyançı baronları məğlub etdi.

1311-ci ilin ordonansları (fərmanları) həmin sənədlərdəki ideyaların inqilabi ruhu etibarilə nə Azadlq xartiyası ilə, nə də ki, parlamentin əsasını qoymuş Oxford müddəaları ilə müqayisə edilə bilməz.

Baronları ən çox maraqlandıran zəif monarxa güclü təsirə malik favoritlər idi, daha abstrakt azadlıqlar yox.

Yekun sənəd 41 maddədən ibarət idi. Sənədin əvvəlində müəlliflər, onların təbirincə, kralın "bədəməl" müşavirlərindən, mürəkkəb beynəlxalq vəziyyətdən və ağır vergilərə görə üsyan təhlükəsindən narahatlıq bildiriblər.