Niyə bəzən möminlər məğlub olurlar?


Digərləri 01 Dek 2018 19:40:00 258 0

Niyə bəzən möminlər məğlub olurlar?

Görəsən niyə bəzən möminlər məğlub olurlar? Bu sualın cavabında əvvəl deməliyik ki, qələbə sözünün mənası əslində çox genişdir. Heç də həmişə zahiri və cismani qələbə mənasını daşımır. Bəzən qələbə - bir məktəbin, məfkurənin, ideyanın qələbəsidir. Əslində ən mühüm qələbə də elə budur. Fərz edək ki, əziz Peyğəmbərimiz (s) apardığı döyüşlərin birində şəhid olsaydı da, onun gətirdiyi din yayılacaq və bütün dünyanı əhatə edəcəkdi. Çünki, İmam Əli (ə) kimi ixlaslı və dərin bilgili davamçıları var idi.

Əgər kimsə İmam Hüseynin (ə) Aşura günü şəhid olmasını məğlub olmaq hesab edirsə, dərindən yanılır. Çünki İmamın (ə) bu şəhadətdəki hədəfi - Bəni-Üməyyənin əsil simasını ifşa edib, əmr-be-məruf və nəhy-əz-münkər etmək, insanları cəddi Peyğəmbərin (s) dininə geri qaytarmaq idi. Ona görə də İmamın (ə) şəhadət - qətiyyən məğlubiyyət deyil, əslində qələbə idi. Çünki İmam (ə) həqiqətən də öz hədəfinə çatmışdı.

Mühüm olanı budur ki, tarix boyu bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) öz hədəflərini həyata keçirə bilmişdilər, baxmayaraq ki, şəhid olmuşdular. Ancaq özlərindən sonra qoyub getdikləri miras, onların məktəbini davam etdirmiş və hədəflərini yerinə yetirmişdir.

Qələbə sözünün başqa bir mənası da düşmənə tədricən qələbə çalmaqdır.

Bəzən bir nəsil gəlir və qələbə çala bilmir, ancaq ondan sonrakı nəsil bu hədəfi yerinə yetirir. Bunun özü də qələbə hesab olunur.