“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi (FOTO)


Digərləri 01 Dek 2018 12:21:00 252 0

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi (FOTO)

Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi.

Bakı. Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi. Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub. Diqqətə çatdırıldı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəmizi gəzdi. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşdi. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb oldu. Vurğulandı ki, yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaratdı. Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.