"İxtiyarla danışmamışam" deyirdi 2150 dəfə telefon əlaqələri üzə çıxdı MƏHKƏMƏDƏ ŞOK


Kriminal 30 Noy 2018 21:33:00 321 0

"İxtiyarla danışmamışam" deyirdi  2150 dəfə telefon əlaqələri üzə çıxdı  MƏHKƏMƏDƏ ŞOK

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub.

Hakim söyləyib ki, "Azercell"ə göndərilən sorğuya cavab gəlib. Sorğuya cavabda qeyd edilib ki, təqsirləndirilən Ə.Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənov arasında 2150 dəfə telefon əlaqəsi olub.

Məhkəmədə elan olunub ki, Ə.Əbdüləziz ötən iclaslarda İ.Həsənovla telefonla danışmadığını bildirib.

Daha sonra Ə.Əbdüləzizin vəkili vəsatət qaldırıb. O, cinayət işində adı keçən Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib.

Vəkil vurğulayıb ki, A.Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər.

Vəkilin sözlərinə görə, istintaq A.Qazıyevin səhhəti ilə bağlı ekspertiza keçirməyib: "Xahiş edirəm ki, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında Arif Qazıyevin anlaqlı olub-olmadığı ilə bağlı sual qoyulsun. Görək onun şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?".

Məhkəmə vəsatəti təmin etməyib.

Ə.Əbdüləzizin vəkili daha bir vəsatət qaldırıb.

O deyib ki, şahidlər ifadələrində "Gəlişim İnşaat" şirkətinin kassirinin "KapitalBank"dakı hesabdan 300 min manat çıxararaq Ə.Əbdüləzizə verdiyini bildiriblər: "Bununla bağlı banka sorğu verilərək belə bir əməliyyatın aparılıb-aparılmadığı öyrənilməsini tələb edirəm".