Ərdoğan Poroşenko və Putinə niyə zəng etdi?


Dünya 30 Noy 2018 19:56:00 264 0

Ərdoğan Poroşenko və Putinə niyə zəng etdi?

Ukrayna və Rusiya arasında yaşanan Kerç böhranı böyüyərsə, bunun Türkiyə üçün mənfi nəticələri ola bilər. Bu cəhətdən bu böhranın silahlı qarşıdurma müstəvisinə keçməsi Türkiyə üçün yolverilməzdir.

Son.az xəbər veriir ki, bu sözləri Axar.az-a açıqlamasında professor Toğrul İsmayıl deyib. O bildirib ki, belə bir hadisənin baş verməsi çox təhlükəlidir:

"Daha əvvəl Ukraynanın şərq bölgəsində rusiyayönlü qruplarla Ukrayna ordusu arasında qarşıdurmaların şahidi olsaq da, ilk dəfədir biz artıq Rusiya ilə Ukrayna arasında silahlı qarşıdurmanın baş verdiyini görürük. Bunun dənizdə yaşanması da çox ciddi təhlükədən xəbər verir. Ona görə də Türkiyə, dünya ictimaiyyəti və NATO bu prosesləri yaxından izlədi və tərəfləri təmkinli olmağa çağırdı. Ukrayna da eyni zamanda sərhəd bölgələrində 1 aylıq fövqəladə vəziyyət elan etdi".

T.İsmayıl qeyd edib ki, bu, Ukrayna ərazisində elan edilməmiş müharibənin davamıdır:

"Bu hadisə əslində Rusiyanın güc göstərisidir. Əlbəttə, Rusiya üçün baş verənlər müsbət nəticə verməyəcək. Rusiya bunu Ukraynanın, Ukrayna isə Rusiyanın provokasiyası adlandırır. Tərəflər baş vermiş hadisəni bir-birinin üstünə atır. Amma görünən odur ki, dünya ictimaiyyəti bu məsələdə Ukraynaya açıq şəkildə dəstək verir. BMT Təhlükəsizlik Şurasının səsverməsində də bu öz nəticəsini göstərdi. ABŞ isə bu hadisədən maksimum dərəcədə faydalanmağa çalışacaq. Əlbəttə ki, Rusiyaya qarşı yeni sanksiyalar gözlənilir. Amma bu proseslərin bölgədə nəyinsə axınını dəyişdirə biləcəyini düşünmürəm. Çünki onsuz da bölgədə böhranlı vəziyyət var və bu da həmin böhranın davamıdır".

Professor vurğulayıb ki, Türkiyənin tərəflərə müraciəti səbəbsiz deyil:

"Türkiyə bu hadisələrin silahlı qarşıdurmaya gətirib çıxarmamasına çağırdı. Eyni zamanda Türkiyə bir dövlət olaraq, həm Rusiya, həm də Ukrayna ilə olan münasibətlərində bu problemin həllində vasitəçi rol üstlənə biləcəyini göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə öz fikrini söylədi. Türkiyənin şimalında belə bir təhlükənin olması əlbəttə ki, Türkiyəyə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən mənfi təsir göstərə bilər".