Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb FOTO


Digərləri 29 Noy 2018 23:37:00 549 0

Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb  FOTO

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində "Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir" adlı sərgi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, beş bölmədən ibarət sərgidə insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər ziyarətçilərin böyük marağına səbəb olub.

Sərginin açılışından öncə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, sərgi Heydər Əliyev Mərkəzi ilə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun birgə layihəsi əsasında reallaşıb.

"Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Bu sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Sərginin ümumi ekspozisiyasına nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük. Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, bu əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir. Əslində, bu, incəsənətin cazibəsinin təsvir edilməsidir", - deyə Maksimilian Letste vurğulayıb.

Diqqətə çatdırılıb ki, "Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir" sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.