İlk görüşdə hesabı kim ödəməlidir?


Digərləri 29 Noy 2018 23:25:00 243 0

İlk görüşdə hesabı kim ödəməlidir?

27 yaşlı Anne Rucchetto yazıçıdır, Kanadanın Toronto şəhərində yaşayır. O, BBC-nin 100 məşhur qadın silsiləsindən yazısında qeyd edir ki, həyatda "hesabı kimin verməsi" mühüm rol oynayır.

Mən ilk dəfə görüşməyə başlayanda anam xəbərdarlıq etmişdi ki, bu dünyada təmənnasız heç nə olmur.

O bunu belə izah edirdi: "Kişilər düşünə bilərlər ki, sənin onlara nəsə bir borcun var".

Bilirdim ki, anamın məqsədi məni vahiməyə salmaq deyil, lakin onun dedikləri hər dəfə kiminləsə tanış olanda məndə bir nigarançılıq oyadırdı. Mənə 5 dollarlıq pivə alan kişilərə borclu qaldığım barədə düşüncəyə üstün gələ bilməyim bir xeyli vaxt aldı. Amma o vaxtdan bəri heç geriyə baxdığım olmayıb.

14 yaşından görüşməyə başlayan birisi kimi uzun müddət yaxşı bir yoldaş tapmaq barədə düşünmüşəm. Bunu da düşünmüşəm ki, ilk dəfə gördüyün adamın hansı davranışlarına diqqət etmək lazımdır.

Bugünlər müxtəlif mobil tətbiqlər və hər cür oriyentasiyadan, kimlikdən və mənşədən olanların internet icmaları sevgili tapmağı asan bir iş edib.

Lakin ilk görüşdə hesabı kimin ödəməli olduğu barədə sual indi də qızğın söhbət mövzusu olur.

Mən belə bir məntiqə söykənirdim ki, qadınlar kişilərlə bərabərdirlərsə, biz hesabın özümüzə düşən payını ödəməli və beləcə görüşün xərcini bölüşməliyik. Bu bir problemə çevrilməsin deyə mən hər dəfə görüş üçün cibə münasib yerləri - ucuz və gur restoranları, qəlyanaltıxanaları, ictimai musiqi yığıncaqlarını, parkları seçirdim.

İlk görüşdə hesabı kimin ödəməli olduğu barədə sual indi də qızğın söhbət mövzusu olur.

Lakin beş il bundan əvvəl dostlarım və müəllimlərim məni, bu yanaşmamı alt-üst edən ideyalarla tanış etdilər.

Mən Gloria Jean Watkins kimi feminist yazıçıların yazdıqları ilə tanış oldum. Bu məni cəmiyyətin indiki strukturundan kimin ən çox fayda götürdüyü barədə düşünməyə vadar etdi. Bu və başqa yazıçılar məni hər bir səviyyədə hakimiyyətin necə işləməsi barədə düşünməyə sövq etdilər.

'Daha bahalı həyat tərzi'

Adamlar cəmiyyətin strukturundan asılı olaraq ondan müxtəlif cür fayda əldə edirlər. Bu isə o deməkdir ki, kiminlə vaxt keçirdiyindən asılı olaraq, hərənin öz bərabər xərcini çəkməsini gözləməyə də bilərsiniz.

Qadınlar orta hesabla kişilərdən az qazanırlar. Məsələn Kanada qadını eyni işə görə kişinin qazandığı bir dolların yalnız 69 sentini qazana bilir.

Bu o demək deyildir ki, bizim yaşamaq xərclərimiz onlarınkından azdır. Xeyr, bir çox hallarda əksinə, bizim xərclərimiz çoxdur.

Qadının zahiri görünüşü və davranışından olan gözləntilərin maddi və şəxsi xərcləri var. Qadının fiziki zahiri görünüşünə olan tələb çox yüksək standartlıdır. Bu görünüş əyləncə sənayesindən tutmuş Ağ Evədək hər yerdə ara-sıra lağa da qoyulur.

Bizdən həyatın müxtəlif sferalarında - ailədə, işdə, münasibətlərimizdə və dostluğumuzda kişilərlə müqayisədə daha sakit, daha diqqətli, daha anlaşıqlı, daha üzüyola və daha səxavətli olmaq tələb olunur.