Dünya boyu bir gündə öldürülən qadınlar


Digərləri 29 Noy 2018 22:25:00 247 0

Dünya boyu bir gündə öldürülən qadınlar

Dünya boyu hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən 137 qadın öldürülür, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, "qadının öldürülməsi ehtimalı ən yüksək olan yer onun yaşadığı evidir".

2017-ci ildə 87,000 qadın qətlə yetirilib. Onlardan yarıdan çoxu yaxınları tərəfindən öldürülüb: təxminən 30 min qadın partnyoru, daha 20 min qadın isə qohumu tərəfindən öldürülüb.

Öldürülən kişilərin sayı hələ daha çoxdur, lakin...

UNODC-in topladığı məlumatlar göstərir ki, "qəsdən adam öldürmə nəticəsində həyatlarını itirən kişilərin sayı qadınlardan 4 dəfə çoxdur"

Hesabatda qeyd olunub ki, qəsdən adam öldürmə hallarının hər 10 qurbanından 8-i kişidir.

Eyni zamanda deyilir ki, intim partnyorun əlindən ölənlərin hər 10 qurbanından 8-i qadındır.

Bir gündə 21 ölkədə 47 qadın

BBC 100 Qadın layihəsi və BBC Monitorinq statistik rəqəmlər arxasında duran qadınlar barədə daha çox məlumat əldə etmək qərarına gəlib.

Biz, bir gün ərzində - 2018-ci ilin oktyabrın 1-də - dünya boyu başqa şəxs tərəfindən öldürülən qadınlar barədə mediada işıqlandırılan xəbərləri araşdırdıq.

Regional mütəxəssislərimiz xəbərlərdə əksini tapmış 21 ölkədə gender səciyyəli səbəblər zəminində 47 qadının öldürülməsi hadisəsini aşkar ediblər.

Bu qətllərin əksəriyyəti hələ də araşdırılır.

Aşağıda göstərilən həmin hadisələrdən beşi yerli KİV-lərdə işıqlandırılıb və BBC-nin müraciət etdiyi yerli rəsmilər tərəfindən yoxlanılıb.

Judith Chesang, 22 yaş, Keniya

Bazar ertəsi, oktyabrın 1-də Judith Chesang bacısı Nancy ilə ailələrinə məxsus fermada tarlaya məhsul yığmağa yollanırlar.

Üç uşaq anası Judith, bir müddət əvvəl əri Laban Kamuren-dən ayrılaraq valideynlərinin evinə qayıtmışdı.

Bacılar tarlada işə başlayandan sonra Laban fermaya gəlib Judith-ə hücum çəkir və onu öldürür.

Yerli polisin bildirdiyinə görə, həmin hadisədən sonra kəndlilər kişini öldürüb.

BMT hesabatına görə Afrika qadınların intim partnyoru və ailə üzvü tərəfindən öldürülməsi riski ən yüksək olan bir yerdir: hər 100 min adama 3.1 ölüm hadisəsi təsadüf edir.

2017-ci ildə Asiyada intim partnyor və ya ailə üzvü tərəfindən ən çox sayda qadın öldürülüb - 20000-ə yaxın qadın.

Neha Şarad Çaudury, 18 yaş, Hindistan

Neha Sharad Chaudury, 18 yaşı tamam olanda "namus üstündə" öldürülüb. O, sevgilisi ilə ad gününü qeyd edirdi.

Polis BBC-yə təsdiq edib ki, qızın valideynləri onların münasibətinə icazə verməyiblər.

Onun valideynləri və başqa bir kişi qohumu onu evdə öldürməkdə ittiham olunurlar.

İstintaq davam edir və üçlük məhkəməyədək məhkəmə nəzarəti altında qalmaqdadır.

BBC Nehanın valideynləri və onun qohumunu təmsil edən vəkildən öyrənib ki, onlar ittihamları rədd etmək niyyətindədirlər.