Zorakı kişiləri dəyişməyin yolu


Digərləri 29 Noy 2018 22:05:00 222 0

Zorakı kişiləri dəyişməyin yolu

Ruandada yerli icmalar arasında aparılan maarifləndirmə təşəbbüsünün məqsədi məişət zorakılığını azaltmaqdır.

Bu proqram çərçivəsində kişilərə gündəlik ev işlərinin görülməsi öyrədilir. Bu yaxınlarda keçirilmiş tədqiqatın nəticələri güman etməyə əsas verir ki, bu təşəbbüs icmalara müsbət təsir göstərir.

Muhoza Jean Pierre əvvəllər arvadını döyürdü.

O, arvadına uşaq doğmaq və onlara baxmaq üçün evləndiyi bir qadın kimi yanaşırdı.

"Mən atamın etdiyini edirdim. Mənim atam heç zaman ev işi görməzdi", o deyib.

"Evə gəlib görəndə ki, hansısa iş hələ görülməyib, mən onu söyürdüm".

"Mən onu tənbəl adlandırdım, deyirdim ki, fərsizdir, valideynlərinin evinə qayıtmalıdır".

Lakin sonra nəsə dəyişdi - Jean Pierre özü yemək hazırlamağı və ev yığışdırmağı öyrəndi.

Bu, onun Ruandanın şərqində yerləşən Mwulire adlı kənddə maarifləndirmə proqramının tətbiq edilməsi nəticəsində mümkün olub.

Bu proqramın məqsədi kişiləri, uşaqlara baxmaq da daxil ev işlərilə məşğul olmağa həvəsləndirməkdir.

Jean Pierre deyir ki, "Bandebereho" adlı layihə ona öz davranışını düzəltməyə kömək edib.

O, proqram çərçivəsində yemək hazırlamaqdan evi təmizləməyədək bütün dərs və müzakirələrdə iştirak edib.

"Onlar bizdən soruşanda ki, "kişi evi süpürə bilərmi?", biz "bəli, bilər" cavabını verirdik".

"Bunun ardından isə "Sizin aranızda bunu edən varmı" sualı veriləndə isə, aramızda beləsi tapılmırdı"

"Əsl kişi yemək bişirməz"

"Bandebereho" proqramından fəallar Jean Pierre-ə arvadının görməli olduğunu hesab etdiyi işlərin öhdəsindən necə gəlməyi öyrədiblər.

"Biz öyrəndiklərimizi, evə gedib orada tətbiq etməliydik".

"Sonra biz işlədiyimizə şahidlik edən adamlarla qayıtmalı idik və onlar bizim ev işini gördüyümüzü təsdiqləməliydilər".

"Mən necə yemək bişirməyi bilirəm. Uşaqların paltarını yuyuram, bananın qabığını necə soymağı, quru manioku əzib üyütməyi, una çevirməyi bacarıram".

Jean Pierre və onun arvadı 10 ildir ki evlidirlər.

Lakin dəyişiklərə nail olmaq asan iş olmayıb, çünki Jean Pierre-in dostları onu ev işlərini görmək həvəsindən salaraq deyirdilər: "Əsl kişi yemək bişirməz".

"Ailəm və dostlarım deyirdilər ki, görünür, arvadım mənə dərman verib... (onlar) deyirdilər ki, kişi küçədə odun daşımaz, bunu arvadının təpiyinin altında olan kişilər edər".

Lakin ailəsi üçün müsbət dəyişikləri görəndən sonra Jean Pierre bu işi davam etdirib.

O deyir ki, indi uşaqları onu daha çox istəyir, arvadı banan biznesilə məşğuldur və bu biznes onlara evlərini təmir etmək imkanı verib.