Hadi Rəcəbli barəsində yayılan məlumatlara münasibət bildirib: “Fikirlərim təhrif edilib”


Digərləri 29 Noy 2018 15:41:00 335 0

Hadi Rəcəbli barəsində yayılan məlumatlara münasibət bildirib: “Fikirlərim təhrif edilib”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sosial şəbəkələr və mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.

Son.az xəbər verir ki, o, report-a açıqlamasında deyib ki, parlamentin noyabrın 27-də keçirilən plenar iclasında 2019-cu il üçün yaşayış minimumu ilə bağlı söylədiyi fikirlər təhrif edilib.

H.Rəcəblinin sözlərinə görə, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib: "Bu da 2018-cil illə müqayisədə 13 manat artıqdır. Bu artım 17 min insanın ünvanlı dövlət sosial yardıma cəlb edilməsinə kömək edəcək. Mən demişəm ki, nəzərdə tutulan məbləğin 13 manat artması yaxşıdır. Deməmişəm ki, 143 manat normal rəqəmdir... Yazılarda rəqəmləri səhv veriblər. Yaşayış minimumu 143 manat həddində müəyyən edilməyib axı, 180 manatdır. Bir daha qeyd edirəm, 143 manat olması nəzərdə tutulan ehtiyac meyarıdır. Mən, hətta yaşayış minimumunun artırılmasını da təklif etmişəm".