Gürcüstanda 500 azərbaycanlının təhsil aldığı universitet FOTO


Digərləri 29 Noy 2018 14:24:00 455 0

Gürcüstanda 500 azərbaycanlının təhsil aldığı universitet  FOTO

Tbilisi Humanitar Universiteti Gürcüstanda azərbaycanlı tələbələrin ən çox təhsil aldığı təhsil müəssisələrindən biri sayılır. Universitetin 1200-ə qədər tələbəsinin 500-dən çoxu Azərbaycandan təhsil almağa gələn gənclərdən ibarətdir.

Tbilisidəki digər universitetlərlə müqayisədə daha az təhsil haqqının olması, ali təhsil müəssisəsində rus dili sektorunun mövcudluğu, peşəkar pedoqoji kadrların və müasir standartlara cavab verən maddi-texniki bazanın olması və s. amillər azərbaycanlı tələbələri universitetə cəlb edən amillər sırasındadır.

Bu təhsil ocağında maliyyə, menecment, turizm, bank işi və stomatologiya üzrə  gürcü və rus dillərində, Hüquqşünaslıq ixtisası üzrə isə yalnız gürcü dilində dərslər keçirilir. 

Son.az xəbər verir ki, modern.az-ın əməkdaşı Tbilisinin Çolakaşvili 53 küçəsində yerləşən Universitetə gedərək burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onlara suallar verib.

 

Tiflis Humanitar Universitetin Turizm fakultəsinin I kurs tələbəsi Oqtay Sultanov AzEdu.az-a açıqlamasında bildirib ki, oxuduğu universitetin yataqxanası yoxdur:

 "Bu universiteti qohumlarımın məsləhəti ilə seçdim.  Burada  təhsil haqqı 3000 laridir. Universitetin yataqxanası olmadığına görə, Tiflisdə əmimgildə yaşayıram.  Qəbul olunanda maraqlandım və  bu universitetin  diplomunun  Azərbaycanda da tanındığını bildirdilər".

Həmin universitetin digər tələbəsi Leyla Məmmədovun sözlərinə görə  isə Gürcüstan ali təhsil müəssisələrində əcnəbi tələbələrə güzəşt yoxdur:

"I  kursda oxuyuram. Bildiyim qədərilə burada təhsil səviyyəsi  yüksəkdir. Tiflis Humanitar Universitetində oxuyan dostlarım, qohumlarımın vasitəsilə buranı seçdim.  Universitetdə oxuyan azərbaycanlı tələbələr arasında qızlar üstünlük təşkil edir. Rus bölməsində təhsil alıram. Bizə dərs deyənlər isə gürcü müəllimlərdir. Buranı  seçdiyim üçün peşman deyiləm.

Tiflis tələbələr üçün elə də bahalı şəhər deyil.  Amma ölkədə əcnəbi tələbələrə güzəşt yoxdur. Sadəcə, tələbə kartında - nəqliyyatda güzəşt var. Yerli tələbələrin təhsil haqlarında isə güzəşt olur. Burada yerli tələbələr üçün təhsilhaqqı 1000 Lari olduğu halda bizə isə 2000 Lari-dir. Gürcüstanda  ali təhsil müəssisələrində  ən ucuz təhsil haqqı Tiflis Humanitar  Universitetindədir. Digər universitetlərdə təhsil haqqı 7000 dollardan başlayır".


Xəbərə aid fotolar