Azərbaycanda 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb


Digərləri 29 Noy 2018 11:20:39 285 0

Azərbaycanda 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb.

Bakı. Balıqçılığın inkişafı ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan süni balıq göllərinin xeyrindən çox ziyanı var. Bu, həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsadlar törədir. Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin fəaliyyəti nəzarətə götürülür. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Komitədən Trend-ə verilən məlumata görə, bunların 131-i Salyan rayonunda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabul rayonunda, qalanı isə digər bölgələrdə aşkar edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb. Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.