“Azərxalça”nın Lənkəran filialında toxunan xalçalar xarici diplomatları heyran edi (FOTO)


Digərləri 29 Noy 2018 10:43:22 294 0

“Azərxalça”nın Lənkəran filialında toxunan xalçalar xarici diplomatları heyran edi (FOTO)

Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinə səfər ediblər

Bakı. Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinə səfər ediblər. Lənkəran şəhərinə səfər çərçivəsində qonaqlar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə də tanış olublar. Trend-in məlumatına görə, filialın direktoru Nargilə Qənbərova məlumat verib ki, bu xalça istehsalı emalatxanası “Azərxalça”nın hazırda fəaliyyət göstərən 11 filialından biridir. Filial binası bu il oktyabrın 15-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Dövlət başçısının 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılmışdı. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın inşasına bu ilin əvvəlində başlanılıb və tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir. Bildirilib ki, müəssisədə çalışan toxucular rayonun Kənarmeşə, Girdəni, Kərgəlan, Havzova kəndlərinin və Lənkəran şəhərinin sakinləridir. Onlar “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.