Analitik: "Qarabağdakı erməni hərbçilər “Hayastan” fonduna pul keçirməyə məcbur edilmələrindən narazıdır"


Siyasət 29 Noy 2018 10:17:00 290 0

Analitik: "Qarabağdakı erməni hərbçilər “Hayastan” fonduna pul keçirməyə məcbur edilmələrindən narazıdır"

Qarabağdakı erməni hərbçilər "Hayastan" fonduna pul keçirməyə məcbur edilmələrindən narazıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.

O, noyabrın 22-də Los Ancelesdə "Hayastan" ümumerməni fondunun illik telemarafonunun keçirildiyini xatırladıb:

"Bu dəfə "Birlikdə yaradaq" şüarı altında keçirilən pultoplama kampaniyasında xeyriyyə ianələrinin yekun həcmi 11 109 633 dollar təşkil edib. Bu fond vasitəsilə işğal altında olan Qarabağda qanunsuz fəaliyyətlər icra edilir. Lakin Qarabağdan və cəbhə xəttindən gələn məlumatlar narahatlığa səbəb olmağa başlayıb. Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrinin əsgər və zabitlərini "Hayastan" ümumerməni fonduna pul keçirməyə məcbur edirlər. Zabitlərdən 5 min, gizirlərdən 3 min, müqaviləli hərbi qulluqçulardan min, müddətli hərbi xidmət keçən hərbi qulluqçulardan isə 100 dram həcmində pul toplamaları və fondun hesabına keçirmələri tələb olunur. Məlumata görə, bu təlimata əməl etməyən hərbi qulluqçular bir sıra problemlərlə qarşılaşır".

Analitik qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi adından hər il müəyyən məbləğ fondun hesabına keçirilsə də, daha sonra həmin pullar hərbi qulluqçulardan toplanır və hər il bu məsələ ilə bağlı narazılıqlar yaranır:

"Hərbçilərdən pul toplanılması məsələsi yalnız Qarabağda dislokasiya olunan hərbi hissələrdə baş verib. Ermənistandakı hərbi hissələrdən bu cür məlumat daxil olmayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi belə bir halın baş verməsini, hər gün cəbhədə duranlardan pul toplanılmasını "dəhşət" adlandırmaqla bu cür məlumata malik olmadığını deyərək əlavə açıqlama verməkdən yayınıb. Məsələ ilə bağlı aprel döyüşlərində yerlərinə çatmayan ərzaq və digər yardımları da unutmaq olmaz. Xatırladaq ki, 2017-ci ildə "Məhsuldar Qarabağ" şüarı altında telemarafonda toplanan vəsaitin həcmi 12 505 456 dollar, 2016-cı ildə "Mənim Qarabağım" şüarı altında telemarafonda toplanan pulun həcmi 15 428 777 dollar, 2015-ci ildə "Bizim evimiz" şüarı altında telemarafonda toplanan pulun həcmi 10 378 465 dollar, 2014-cü ildə "Qarabağa doğru" şüarı altında telemarafonda toplanan vəsaitin həcmi isə 12 399 550 dollar təşkil edib".