10 il sonra ölkədə skolioz dəhşətli dərəcədə artacaq MÜSAHİBƏ


Digərləri 28 Noy 2018 22:59:00 299 0

10 il sonra ölkədə skolioz dəhşətli dərəcədə artacaq  MÜSAHİBƏ

Son dövrlərdə böyüklərlə yanaşı, məktəbli uşaqlarda da onurğanın əyilməsi çox geniş yayılıb.

Bunu əsrin ən ciddi problemlərindən biri adlandırsaq, yanılmarıq. Dünya ölkələri ilə müqayisədə, bu gün Azərbaycan da bu problemlə mübarizə aparsa da, nəticə heç də ürək açan deyil.

Məsələ burasındadır ki, yerdən süfrə açıldığı, bir çox evlərdə məktəbli stollarının olmadığı bir vaxtlarda, iki bükülüb iş görən, dərs oxuyan insanlarda belə bu xəstəlik bu qədər geniş yayılmamışdı. Bəs görəsən, bu gün uşaqların əksəriyyətində skolioz xəstəliyinin olmasının əsas səbəbi nədir? Genetik faktor? Oturaq həyat tərzi? Mobil telefon və kompüterlər?

Son.az oxu.az-a istinadən bildirir ki, bu və digər sualları fəlsəfə doktoru, həkim nevroloq, manual terapevt Vaqif Yaqubov cavablandırıb:

- Son dövrlərdə skolioz adlandırdığımız onurğa əyriliyi problemi uşaqlar arasında daha çox yayılıb. Bir balaca xəstəlik haqqında məlumat verərdiniz.

- Əslində, bədəndə istənilən assimmetriyanı skolioz kimi qəbul etmək düzgün deyil. Onurğa əyriliklərinin bir çox növü var. Ümumiyyətlə, frontal müstəvidə insan bədəninin yana əyilməsidir. Skoliozun əsl forması onurğanın fırlanması (rotasiyası) zamanı baş verir.

Digər bütün hallar isə skoliotik deformasiyalar kimi qiymətləndirilir. Bəzən qeyri-peşəkar həkimlər bir balaca əyrilik görən kimi ona skolioz diaqnozu qoyurlar. Bu, düzgün deyil. Skolioz xəstəliyi dərəcələrə görə müəyyən edilir: 10 dərəcəyə qədər birinci dərəcə skolioz, 10-25 dərəcə arası ikinci, 26-49 dərəcəyə qədər üçüncü, 50 dərəcədən yuxarı isə dördüncü dərəcə və riskli skolioz hesab edilir.

Xəstəni soyundurub, diqqətlə baxmaq lazımdır ki, çanaq əyilməsinin olub-olmaması, ayaqların uzunluğuna görə bir-birindən fərqlənməsinə görə skolioz diaqnozu şübhə altına qoyulsun və nüayinəyə göndərilsin.

- Skoliozun hansı növləri var?

- Skolioz xəstəliyi anadangəlmə və sonradan qazanılmış olaraq iki hissəyə ayrılır. Digər tərəfdən, əyriliklərin növlərinə görə isə C-vari, S-vari və Z-vari. Bunlar arasında Z-vari ən ciddi -üç tərəfə əyilmələrlə müşahidə edilən növdür ki, buna o qədər də çox rast gəlinmir. Rast gəlindikdə isə minimum dərəcə ilə müşahidə edilir. Bu gün Azərbaycanda ən çox yayılan S-varidir, daha sonra isə C-varidir.

- Bəs bu əyriliklərin yaranmasında əsas faktorlar hansılardır?

- Əgər biz anadangəlmə skoliozdan danışırıqsa, bu, birbaşa hamiləlik patologiyası hesab olunur və anadangəlmə qüsur sayılır. Uşaq doğulanda artıq onda hansısa sümük deformasiyaları mövcud olur. Daha sonra bu uşaqlarda ciddi problemlər yaşanır. Əslində, sağlam doğulan uşaqlarda onurğa sütunu düz olur.

Fizioloji əyrilikləri boyun və bel lordozu, döş kifozu olmur. Boyun ordozu uşaq doğulandan iki ay sonra (boynunu saxlamağa başladığı dövrdən) formalaşmağa başlayır. Daha sonra altı aydan sonra uşaq oturmağa başladıqdan sonra onda döş kifozu formalaşmağa başlayır. Nəhayət, bir yaşında - yeriməyə başladığı dövrdən bel lordozu formalaşmağa başlayır.

Üç-dörd yaşa qədər bütün bunlar formalaşır. Amma anadangəlmə skoliozla doğulan uşaqlarda bu proses norma daxilində inkişaf etmir. Qeyd edilən dövrlərdə əyriliklər daha da artır, lordozlar, kifozlar formalaşa bilmir. Belə xəstələr bəzən çox erkən yaşlarda cərrahi əməliyyatlara məruz qala bilirlər.

Amma sonradan qazanılmış skolioz, demək olar ki, çox ciddi həyati problemdir. Kompüter əsrində, hər kəsin oturaq iş sistemində çalışması, nəqliyyatdan çox tez-tez istifadə etməsi bu xəstəliyin genişlənməsinə zəmin yaradır. Əvvəllər nəqliyyat vasitələri çox deyildi, insanlar daha çox gəzirdilər, idman hərəkətləri edirdilər, daim fiziki iş rejimində olurdular. Amma bugünkü dövrdə bir insanın gündəlik həyat tərzində 24 saatın 80 faizini oturması və uzanması aparır.

Bunun nəticəsində onurğada əzələ zəifliyi başlayır. Statistikaya görə, hərəkət stereotiplərinin 80 faizi əzələlərə, 20 faiz ağırlıq isə sümüklərin üzərinə düşür. Amma əzələ boşaldıqda vətərlər bu ağırlığı öz üzərinə götürə bilmədiyi üçün yük düşür onurğa sütunun üstünə. Bu isə xəstəliyin müxtəlif dərəcələrinin yaranmasına şərait yaradır.

- Hansı yaş aralığında bu problemlərə daha çox rast gəlinir?

- Mən deyərdim ki, birinci sinif uşaqlarında skolioz əlamətlərinin yaranması və yayılması daha çoxdur. Çünki evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqların düzgün oturuş qaydalarına, riayət etmirlər. Bundan başqa, niyə məktəblilərdə bu xəstəlik bu qədər artıb, deyim sizə.

Məktəbli çantalarının qəti şəkildə düzgün seçilməməsi və ağırlığın çiyinə birtərəfli düşməsi. Bəli, bu məsələdən dəfələrlə danışılsa da, nəticə dəyişmir. Buna statik vəziyyət deyilir. Uşaq əyilir və o şəkildə yazı yazmağa, oturmağa başlayır. Daha sonra birinci təkan yeddi yaşda müşahidə edilir, ikinci təkan isə artıq 12-14 yaşda baş verir. Nə zaman ki cinsi hormonlar inkişaf etməyə başlayır, bu zaman skolioz da artır.

- Məktəblərdə, bağçalarda uşaqların qeyri-standart tərzdə hazırlanmış stol-stullardan istifadəsi təsir edirmi?

- Bəli, partaların hündürlüyü, stolların standartlara uyğun hazırlanması önəmlidir. Uşaqlar neçə saat bu şəraitdə oturur. Bu, yaxın gələcəkdə - 10 il ərzində faciəli nəticələr gətirəcək. Qamətin düzgün saxlanılması üçün bu xırdalıqlara əməl olunmalıdır.

- Bu problemin aradan qaldırılması üçün tövsiyyələrinizi bölüşün.

- Bilirsiniz, bu, birbaşa insanın özündən asılıdır. Sizə maraqlı bir eksperiment deyim. Ukraynada 10 il bundan qabaq birinci sinif uşaqları üzərində eksperiment aparıblar. 45 uşaq əvvəl müayinədən keçirilib və hər birində olan əyrilik dərəcələri qeyd edilib. Daha  sonra onların hər biri üçün kiçik, içərisi duz ilə dolu kisələr tikilib. Uşaqlar bunu evdə, məktəbdə başlarının üzərində düz saxlamaqla yazı yazırdılar. Bir il davam edən bu metodun nəticəsində isə  uşaqlarda 48 faiz skolioz əyriliklərinin bərpası müşahidə edilib.