Müqəddəs Asnı piri, Asnı bulağı və ya Göyçədən Kəngərliyə gələn ərməğan


Digərləri 28 Noy 2018 22:20:00 180 0

Müqəddəs Asnı piri, Asnı bulağı və ya Göyçədən Kəngərliyə gələn ərməğan

Bu il İslam Mədəniyyəti Paytaxtı missiyasını yerinə yetirən Naxçıvan qədim zamanlardan yerləşdiyi strateji mövqeyi, füsunkar təbiəti, tarixi və mədəni zənginliyi ilə diqqət mərkəzində olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Naxçıvan orta əsrlər dövründə həm də elm və mədəniyyətin, idarəçilik ənənələrinin, türk-müsəlman varlığını nümayiş etdirən sufi mərkəzlərinin geniş yayıldığı məkanlardan olub. Əlincəçay, Pir Xamuş (Pir Qəmiş), Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufiliklə bağlı mərkəzlər məhz belə məkanlardandır. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Naxçıvanda sufiliklə bağlı mərkəzlər" kitabında bu haqda geniş məlumatlar verilir. Həmin kitabda adları çəkilən Ağzirət piri, Aşağı Buzqov piri, Aza piri, Ərəfsə piri, Ərməmməd piri, İmminin ocağı, İydəli piri, Qərib piri, Malik İbrahim piri, Miranşah piri, Seyid Sultan Səfi piri, Üstüpü piri və adını sadalamadığımız onlarla bu cür məkanlarla yanaşı, Asnı piri də bu gün müqəddəs ziyarətgahlardandır. Yaşı əsrlərlə ölçülən bu pir indi də insanların üz tutduğu, ziyarət etdiyi ocaq sayılır.

"Pələng qayası"nın "himayəsində olan" müqəddəs məkan

Asnı piri Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindəki "Pələng qayası" dağının cənub ətəyində yerləşir. Pirin yaxınlığında sıldırım qayaların arasından çıxan gursulu bulaq da insanların inanc yerinə çevrilib. Asnı pirini, adətən, yenicə ailə həyatı qurmuş gənclər ziyarət edir, burada qurbanlar kəsirlər. Özləri ilə bulaq suyundan aparır, xeyir-bərəkətli və xoşbəxt gələcək diləyi ilə həmin sudan xəmir yoğurub çörək bişirirlər. Bulаğın ətrаfındаkı аğаclаr dа insanlar tərəfindən müqəddəs hеsаb еdilir, orada yabanı qaraçalı, həmərsin, yemişan kolları ilə bərabər, cır armud, alma, alça kimi meyvə ağacları bitib. Sonradan burada arx boyunca söyüd və iydə ağacları da əkilib. 

Pirin içərisində оrtа əsrlərə аid iki qəbir, qəbirlərdəki sinə dаşlаrının üzərində isə ərəb əlifbаsı ilə yazılı kitаbələr vаr. Kitаbələrə əsаsən qəbir аbidələri XIV əsrə аid edilir. Lаkin pirin tаriхi Аzərbаycаn türklərinin dаğ, su və аğаc inаncı ilə bаğlıdır və dаhа qədim dövrə gedib çıxır.

Göyçə gölündə itirilən qızıl sikkələr Asnı bulağında tapılıb