""Facebook"a iş üçün müraciət edəndə bu şəbəkədə profilim yox idi" Naxçıvandan Danimarkaya uzanan yol FOTO


Digərləri 28 Noy 2018 21:01:00 320 0

""Facebook"a iş üçün müraciət edəndə bu şəbəkədə profilim yox idi"  Naxçıvandan Danimarkaya uzanan yol  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hazırda xaricdə təhsil almaq, yaxşı və tanınmış şirkətlərdə işləmək bir çox gəncin arzusudur. Bu arzusu yerinə yetənlər də az deyil. Onların təcrübələrini bölüşdüyü təlimlər, seminarlar isə digərləri üçün həm bilgidir, həm də motivasiya. Belə təlimlərdən biri də "Facebook"a necə işə düzəldim?" adı altında oldu. Sualdan da hiss olunur ki, təlimçi dünyanın məşhur "Facebook" şirkətinin Danimarka ofisində çalışan bir şəxs - həmyerlimiz Emil Məmmədovdur.   Seminarın keçirildiyi məkanda qapıdan girərkən qeydiyyat şöbəsində gənclərin çox olduğunu görüb marağın böyük olduğunu anladıq. Əslində, ilk olaraq gənclərlə həmsöhbət olub seminara gəlmək məqsədləri, burdan gözləntiləri ilə bağlı danışmaq istədik, amma başlarının qeydiyyata qarışıq olduğunu görüb, təşkilatçılarla söhbətləşmək qərarına gəldik. Layihənin təşkilatçısı olan "Dərs evi"nin marketinq meneceri Əfşan Abdullayeva deyir ki, bu kimi təlimləri tez-tez keçirirlər: "Belə tədbirlər keçirməkdə ilk olaraq özümüz maraqlıyıq. Çünki istəyirik ki, gənclərimizin inkişafı üçün nə isə edək. Böyük məqsədlər uğrunda böyük addımlar atmaları üçün onları motivasiya edəcək təlimçilərlə görüşdürürük. Bu gün də dünyanın ən tanınmış və böyük şirkətlərindən biri olan "Facebook"da işə başlayan həmyerlimizi gənclərin görüşünə dəvət etmişik".

Artıq başlama vaxtıdır. Amma seminara keçməzdən öncə təlimçi haqqında qısa məlumat verildi. Emil Məmmədov 1992-ci ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini doğulduğu şəhərdə alan Emil, bakalavr və magistr təhsili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçir, orda İstehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi fakültəsində təhsil alır. Emil Azərbaycanda magistraturanı qiyabi oxuduğu üçün paralel şəkildə Londonda da təhsil almaq imkanı yaranır. Beləcə, o işlədiyi şirkətin köməkliyi ilə xaricdə təhsilini davam etdirir.    Şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə imkanı yaratsınlar   Emil söhbətə bakalavr təhsili dövründən danışmaqla başladı: "Bakalavr təhsili dövrü gənclərin həyatında olduqca önəmlidir. Hansı universitetə, neçə balla qəbul olmağınızdan çox həmin 4 ili necə dəyərləndirəcəyiniz əsasdır. Mən birinci kursun yay tətildən fəaliyyətə başladım. Həmin dövrdə fəaliyyət göstərən bütün şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə imkanı yaratsınlar. Beləcə, ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətdə təcrübə keçmək imkanım oldu".

Bir yerdə maksimum beş il işləmək lazımdır   Karyerasına Azərbaycanda olan böyük şirkətlərdən birində başlayan Emil bəy düşünür ki, bir yerdə beş il işləmək kifayətdir: "Dörd il yarım bir şirkətdə mühəndis işlədim. Həmin dövr ərzində Norveç, Şotlandiya, İngiltərə, Almaniya və Gürcüstanda keçirilən seminarlarda iştirak edirdim. Bunun da karyerama çox böyük qatqısı olurdu. Xaricdə olarkən oradakı iş mühiti, həyatla tanış oldum və zamanla işimi və təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Həm də düşünürəm ki, bir yerdə maksimum beş il işləmək lazımdır. Daha sonra fəaliyyətini başqa şirkətdə, başqa mühitdə davam etdirmək daha labüddür. Çünki uzun müddət bir yerdə fəaliyyət göstərmək insanı passivləşdirir, öz üzərində işləmək prosesini ləngidir. Amma yeni iş yeri, yeni mühit insanı daim nələrisə araşdırmağa, öyrənməyə sövq edir".    İnsan ya gərək sevdiyi işi görə, ya da gördüyü işi sevə   Çıxışçı daha sonra beynəlxalq arenaya çıxmağın, xarici şirkətdə işləməyin şərtlərindən danışdı: "Harada, hansı xarici şirkətdə işləməyinizdən asılı olmayaraq, ilk növbədə ingilis dilini bilməlisiniz. Həmçinin, gördüyünüz işi də sevməlisiniz. Bəziləri sırf xaricə çıxmaq üçün nələrsə edir, ancaq elə olmamalıdır. Harada işləməyindən asılı olmayaraq, işini sevməlisən. Mən həmişə deyirəm ki, insan ya gərək sevdiyi işi görə, ya da gördüyü işi sevə. Əks halda uğurlu olmaq çətindir. Uğurlu olmayan insan isə xoşbəxt ola bilmir. İş seçimi həyat yoldaşı seçimi qədər önəmlidir. Çünki günümüzün böyük bir hissəsini həmin məşğuliyyətlə keçiririk. Bu, bizə zövq verməsə, işimizdə irəliləyə bilməyəcəyik".


Xəbərə aid fotolar