Gömrük Komitəsinin Narkotiklər Şöbəsinin rəisi məhkəmədə ifadə verdi: "Üzərində, deyəsən, 2500 manat pul var idi"


Digərləri 28 Noy 2018 19:22:00 276 0

Gömrük Komitəsinin Narkotiklər Şöbəsinin rəisi məhkəmədə ifadə verdi: "Üzərində, deyəsən, 2500 manat pul var idi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DGK-nın Narkotiklər Şöbəsinin rəisi Mahir Cəfərov ifadə verib.

O bildirib ki, N.İmanov saxlanılan zaman komitədə olub: "Həmin vaxtı Komitənin Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədov məndən bir işlə bağlı kömək lazım olduğunu xahiş etdi. O, mənim şahid kimi iştirak etməyimi istədi. Razılaşdım, baxış keçirilən zaman İmanovun üzərində, deyəsən, 2500 manat pul var idi. Daha sonra o, bunu təsdiqlədi. Digər olanlardan xəbərim yoxdur".

M.Cəfərov ifadəsinin davamında təqsirləndirilən şəxslə tanışlığının olmadığını, bir neçə dəfə dəhlizdə salamlaşdıqlarını qeyd edib.

Hakim söyləyib ki, şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət var.

Belə ki, M.Cəfərov məhkəmədə bu əməliyyatdan xəbərsiz olduğunu vurğulayıb. Lakin istintaqdakı ifadəsində əməliyyat barədə əvvəldən xəbərdar olduğunu, rəhbərlikdən məlumat aldığını deyib.

M.Cəfərov "dəqiq xatırlamıram" deyib və istintaqa verdiyi ifadəsini təsdiqləndiyini söyləyib.