Azərbaycanda kişidən dəhşətli hərəkət:


Digərləri 28 Noy 2018 15:19:00 219 0

Azərbaycanda kişidən dəhşətli hərəkət:

Şəkidə arvadına işgəncə verməkdə və öldürməyə cəhd etməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Vüqar Mustafayevin məhkəməsi başa çatıb.   Son.az xəbər verir ki, Vüqar Mustafayevin Şəkinin Aşağı Göynük kənd tam orta məktəbində müəllimə işləyən keçmiş həyat yoldaşı Validə Zamanova ilə münasibətləri pisləşib.

Validə Zamanovanın Vüqar Mustafayevdən olan əmlak tələbinə dair mülki iddiasının təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin 13 mart 2014-cü il tarixli qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət verib. Həmin ilin noyabrın 20-də Validə Zamanovanın apelyasiya şikayəti təmin edilməyib.

Ər-arvad arasında məhkəmə çəkişməsi

Validə Zamanova Vüqar Mustafayevin Cinayət Məcəlləsinin 133.1-ci (Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmünün dəyişdirilməsi barədə apelyasiya şikayəti verib.

Amma Şəki Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Validə Zamanova 7 avqust 2014-cü il tarixli qərarının dəyişdirilməsi və cəzanın ağırlaşdırılması tələbi ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına şikayət verməsindən Vüqar Mustafayev bərk əsəbiləşib. O, Validə Zamanovanı öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək məqsədilə Vüqar Mustafayev əvvəlcədən hazırlıq görərək yaşadığı evdən mətbəx bıçağını götürərək 21 noyabr 2014-cü ildə, saat 13.00-da Şəki rayonu, Aşağı Göynük kənd tam orta məktəbinin həyətyanı sahəsinə gəlib. O, həmin ərazidə gizlənərək Validə Zamanovanın dərslərini bitirəndən sonra məktəbdən çıxmasını gözləyib. Bir qədər sonra Validə Zamanova məktəbdən çıxaraq evlərinə gedən zaman Vüqar Mustafayev qəflətən ona hücum edib.

Vüqar Mustafayev Validə Zamanovaya hücum edərək əli ilə qolundan tutub, nalayiq sözlər işlədib. O, Validəni başını kəsəcəyi ilə hədələyib, bıçaqla qadının ağız nahiyəsinə vurub, sonra boğaz nahiyəsinə bıçaq zərbəsi endirib. Qadın qatilə aktiv müqavimət göstərərək onun əlindən çıxaraq qaçıb.

8 bıçaq zərbəsi

Lakin Vüqar Mustafayev keçmiş həyat yoldaşının arxasınca qaçaraq saçından tutub, yenidən bıçaqla onun boğaz və boyun nahiyələrinə çoxsaylı zərbələr endirib. O, Validə Zamanovaya 8 bıçaq xəsarət yetirib.

Validə Zamanova aktiv müqavimət göstərib, əli ilə bıçağın tiyəsini tutub. Bıçağı buraxmadığından tiyəsi onun əlində sınıb.

Yumruqla zərbə

Vüqar Mustafayev Validə Zamanovanın yumruqla baş nahiyəsinə çoxsaylı zərbələr endirərək yerə yıxıb və əlləri ilə onu boğub. Qadının müqavimət göstərməsi və hadisə yerinə gələn Mübariz Mahmudovun mane olması cinayətin başa çatmasına imkan verməyib.

Yaralı hadisə şahidlərinin köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Vüqar Mustafayev bundan əvvəl arvadına işgəncə verdiyi üçün məhkumluq həyatı yaşayıb.

Həmin ittihama görə, Vüqar Mustafayev Şəki rayonu Aşağı Göynük kəndində, yaşadıqları evdə həyat yoldaşı Validə Zamanovanın ona xəyanət etdiyini güman edib. Arvadını qısqanan ər ondan qisas almaq fikrinə düşüb. Onu amansızca döyüb, bədəninə xəsarətlər yetirib.