Ekspert: "Xaricdəki antiAzərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"


Siyasət 28 Noy 2018 13:54:00 279 0

Ekspert: "Xaricdəki antiAzərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"

Xaricdə fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinin son günlər yenidən fəallaşmaq səyləri fonunda bəzi təzə nüanslar üzə çıxır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, bu nüanslar həmin şəbəkənin əslində xarici siyasi və maliyyə qrupları tərəfindən idarə edildikləri barədə öncədən deyilənləri sübut edir:

"Bu anti-Azərbaycan şəbəkəsinin üzvləri dövlət əleyhinə apardıqları işin beynəlxalq sifariş olduğu barədə deyilənləri heç cür qəbul etmək istəmir, xarici qrantlarla fəaliyyət göstərdiklərini danırdılar. Əvvəllər "xor kapellası" kimi bütöv görünən bu şəbəkənin üzvləri indi bir-birilərinə elə ittihamlar deməyə başlayıblar ki, şəbəkənin həqiqətən sifarişli qrantlar üzərində dayandığına şübhə qalmır. Bir daha məlum olur ki, özlərini Azərbaycan demokratiyası naminə fədai vətənpərvərlər kimi tanıtmaq istəyən bu "qəhrəmanlar" əslində qrant yeyənlər, qrant sahiblərinə ən inandırıcı hesabatlar vermək üçün hər cür şərə-böhtana əl atmağa hazır adamlar imiş".

A.Quliyev qeyd edib ki, xaricdəki böhtançı, qrant mənimsəyən şəbəkənin son günlərdə meydana çıxan özünüifşa hərəkətləri bir neçə nöqteyi-nəzərdən əhəmiyyətlidir:

"Əvvala, Azərbaycanda çoxlarının hələ xeyli əvvəl dedikləri "bunları xaricilərin qrantları danışdırır" kimi fikirlər tam doğruldu. Qarşılıqlı ittiham qaydasında kimin haradan nə qədər pul aldığı barədə eşitdiklərimiz buna sübutdur. İkincisi, xaricdəki qarayaxma şəbəkəsinin Azərbaycan cəmiyyətinin fikirlərini dolaşdıra bilmədiyi və özünün parçalandığı ortaya qoyuldu. Üçüncü, bu şəbəkənin arxasında duranların perspektivsiz yolda olduqlarını hamı gördü. Nəhayət, böhtançı şəbəkənin Azərbaycanda heç bir sosial bazasının olmadığı aşkarlandı".

Onun sözlərinə görə, bu proseslər başqa bir əhəmiyyətli nəticəni də çıxarmağa əsas verir: "Bu ondan ibarətdir ki, xaricdə anti-Azərbaycan şəbəkəsi yaratmaq taktikasının özü iflasa uğradığı üçün bundan sonra belə şəbəkələri yaratmaq işinə çox nadir hallarda baş vurulacaq və bir müddətdən sonra bu sayaq fəaliyyətlər ümumiyyətlə yox ola bilər".