“Bakutel”də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək


Digərləri 28 Noy 2018 11:56:00 288 0

“Bakutel”də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

“Bakutel-2018”in iştirakçılarının yalnız keçmişə deyil, gələcəyə də səyahət etmək imkanı olacaq.

Bakı. Məlum olduğu kimi, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200 il, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarixi hadisə cari ildə 24-cü dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində diqqətdən kənarda qalmayıb. Trend-in məlumatına görə, bu il sərgi çərçivəsində poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morze” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunacaq. Eyni zamanda, II Dünya müharibəsi illərinə dair poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə də fəaliyyət göstərəcək. Sərgidə təqdim olunacaq eksponantlar ayrı-ayrı rabitə müəssilərindən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin muzeyindən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən və kolleksiyaçılardan əldə olunub.