Daş qəlbləri dirildən din


Digərləri 27 Noy 2018 22:40:00 215 0

Daş qəlbləri dirildən din

Bismilləhir-Rahmənir-Rahim!

Həzrət Peyğəmbərin (s)  mövludu ərəfəsindəyik. Allah Təaladan duamız budur ki, cəmi ümmətə Peyğəmbərimizi (s) və Əhli-Beytini (ə) dərk edib, onların həqiqi ardıcıllarından olmaq tofiqini qismət etsin.

Gözəl əxlaqları kamilləşdirmək

İlin müəyyən zaman kəsimləri olur ki, inanc əhli xüsusilə öz ruhi-mənəvi durumuna nəzarət edir və bunun inkişafı, dərinləşməsi üçün səylər edir. Belə zaman kəsimlərinə, ilk növbədə, mübarək Ramazan ayı və məhərrəm-səfər əyyamı aiddir. Amma əslində insan öz vücudi durumuna diqqətlə yanaşsa, ilin əlamətdar günlərini həftələrə, bunları isə öz növbəsində aylara çevirə bilər və nəticədə hər zaman Yaradanın istədiyi bir halətdə bulunar.

Toplum da belədir: tutduğu yol onun gəldiyi mənzili müəyyən edir. Əslində, İslamın ilkin dövrünə nəzər saldıqda, toplumun tutduğu yolun onun vəziyyətini necə əsaslı surətdə dəyişməsinin şahidi oluruq. Bir zaman Rəsuli-Əkrəmin (s) gətirdiyi din, bədəvi ərəbləri tənəzzülün son pilləsindən bəşəriyyət üçün sivilizasiya standartları müəyyən edən bir toplum vəziyyətinədək ucaltmışdır. Lakin, sonrakı mərhələdə ümmət Həzrət Rəsulullahın (s) yolundan xeyli dərəcədə sapdı, İlahi seçimdən kənar düşdü, hərc-mərclik və fitnə meydana gəldi. Qısa bir müdətdə hidayət olmuş toplum, eynilə qısa bir müddətdə çoxsaylı əyintilərə məruz qaldı.

İndi də həmin tendensiya davam etməkdədir. Bir çox məsələlərdə müsəlmanlar Peyğəmbər (s) və Əhli-Beytinin (ə) təbliğ etdiyi məntiqi, elmi, estetik, gözəl bir təlim olan İslamı deyil, özlərinə sərf edən bir modeli rəhbər tuturlar.

Həzrət Peyğəmbərin (s)  nəcib missiyasını müxtəlif  formlarda xarakterizə etmək olar. Amma, nəzərimizcə, ən qəşəng formada bunu Rəsuli-Əkrəmin (s) özü təqdim etmişdir: "Mən gözəl əxlaqı kamilləşdirmək üçün seçilmişəm".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Fərq etməz - qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir - əgər mənə bənzəmək istəyirsə, bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı - mənə ən çox bənzəyənədir".

Burada dəqiq meyar göstərilmişdir: əgər toplumun inkişafı gözəlliyə doğru, məhəbbətə doğru, kamilliyə doğrudursa, əgər burada hökm sürən ab-hava insanların çirkini çirkin, gözəlliyi gözəl görməsinə imkan verir və yardım edirsə, demək vəziyyət çox yaxşıdır. Burada ayrı-ayrı fərdlərin də, ümumilikdə cəmiyyətin də inkişaf üfüqləri çox işıqlı olur.

Yox, əgər zahiri salamatlıq pərdəsi altından toplumun əxlaqi-mənəvi aşınmasının işartıları sezilirsə, demək bu cəmiyyətin perspektivi Allah Təalanın istədiyindən çox-çox uzaqdır. Burada insanlar özlərinə və digərlərinə zülm edir, öz yaradılış fəlsəfələrinə zidd yolla gedirlər. İqtisadi tərəqqinin, texniki inkişafın, sosial rifahın, ümumilikdə hər bir şeyin ünvanı, hədəfi - kamillik olmalıdır. Əks təqdirdə, bunların hamısının çox nisbi əhəmiyyəti vardır.

Fitrəti susdurmamalı

Məlumdur ki, Allah Təala insanlara zaman-zaman Öz elçilərini (ə) göndərmişdir ki, onları düzgün yola hidayət etsinlər. Həzrət Əlidən (ə) nəql edilən hədisdə peyğəmbərlərin (ə) göndərilməsinin fəlsəfəsi gözəl surətdə açıqlanır: "(Allah Təala) peyğəmbəri onların (insanların) arasından seçdi və peyğəmbərlərini dalbadal onlara göndərdi ki, fitrətlərinə qoyulmuş İlahi əhdə əməl etmələrini istəsin. Onun unudulmuş nemətlərini yadlarına salsın və İlahi əmri çatdırmaqla höccəti onlara tamam etsin və onların ağıl xəzinələrini çölə çıxararaq, (Allahın) qüdrət nişanələrini onlara göstərsin".

İnsanın dini-imanı bir yana, onun bir fitrəti vardır. Və İslam məhz insanın fitrətinə ünvanlanan çağırışlar edir. İstər namaz qılan olsun, istər qılmayan - namusa, abır-həyaya əl uzatmağı, qeybət etməyi, yalan danışmağı, xəyanət etməyi hər bir kəs öz-özlüyündə pis bir əməl kimi qəbul edir. Mütəal Allah çirkinliklərə nifrəti insanın fitrətində qoymuşdur.

İlahi peyğəmbərlərin (ə) də missiyası insanın bu fitrətini oyatmaqdan ibarətdir. İnsanın daxilində olan siqnalvericini diriltməkdir dinin hədəfi. Vicdan adlanan bu siqnalverici barədə ötən bəhslərdə təfsilatı ilə söhbət etmişik. İblisin (lən) bütün işləri məhz bu siqnalvericilərlədir - əlindən gələni edir ki, bunları zəiflətsin, sıradan çıxarsın, səsini batırsın. İblis istəyər ki, insan öz siqnalvericisinin - vicdanının səsini eşitməsin və bu niyyətlə çoxsaylı dekorasiyalar işə salınır: çirkinliklərin gözəl formalarda təqdimat cəhdi, mənasız həyat tərzinin bütləşdirilməsi, ucuz və keyfiyyətsiz şoular, içki və narkotiklər, anlaşılmaz komplekslər, vəsvəsələr, "düşünmə!" tipli təlimat və yönəltmələr - insanın vicdanını susdurmaq üçün istifadə olunan vasitələri saymaqla qurtarmaz. Hətta yeni bir  "yaşayış" yorması da meydana gəlib - "virtual yaşayış". Hamısı nəyə tuşlanıb? İnsanı iradəvi durumdan çıxarmağa.

Düzgün seçim etmək

Lənətlik iblisin insanı iradəvi durumdan çıxarması məsələsinə diqqət edilməsi, kamillik yolunu getmək istəyən insan üçün son dərəcədə böyük önəm təşkil edir. Belə ki, varlıqlar içində insana seçim qabiliyyəti verən Allah, onu haqqa yetişmək üçün bütün zəruri məlumatlarla təmin etmişdir. İlahi peyğəmbərlər (ə) vasitəsilə insana yaxşı və pis anladılmış, kamilliyə yetişmək üçün ən optimal yol göstərilmişdir. İnsana xas olan seçim etmək qabiliyyəti, onun iradəvi surətdə öz həyat yolunu müəyyən etmək imkanını şərtləndirir. Və insanın iradəvi varlıq olaraq seçim etməsi, onun düzgün məlumatdan bəhrələnməsinə bilavasitə bağlıdır. Məlumatın kafi səviyyədə olmasını, insanın dürüst və hərtərəfli bilgi ilə təmin edilməsini nəzərə alsaq, məsələ yalnız iradə tətbiq edərək əmələn pisliklərdən imtina etməyə və yaxşılıqlara yön almağa qayıdır.

Lakin, əsas mətləb məhz bundan sonra başlanır. İnsanın fitrəti, əqli, iradəsi, bu iradəni düzgün tətbiq edib lazımi seçim etmək qabiliyyəti, seçim üçün məlumat bazasının olması - ümumi halda kamala yetişmək üçün bütün zəruri vasitələrin olmasına baxmayaraq, çoxlu sayda insanlar məhz əyri yolu, reqress yolunu, məhvə sürükləyən yolu seçir. Nədən? Bax burada iradəvi seçimi zəiflətmək məsələsi gündəmə gəlir və buna aparan bütün müqəddimələr işə salınır. İnsan başa düşür ki, filan cür etməlidir, filan cür isə etməməlidir, amma müəyyən mərhələdə süstlük etməsi, zəiflik etməsi, iradəsini aradan aparan işlərə qol qoyması ucbatından nəticə determinləşdirilmiş, yəni öncədən müəyyən edilmiş olur. Haqq da bilinir, haqqa gedən yol da bəlli olur, amma insan özünü düzgün seçimdən məhrum etmiş olur. Allah Təala cəmi insanları haqqa doğru irəliləyənlərdən qərar versin, inşəallah!

Nemətləri unutmamaq

Hədisdə göstərilən digər məqamlara diqqət edək. Nemətləri xatırlamağa gəlincə, əsas məqam odur ki, insan nemətlərlə əhatə olunduğu halda, bunlara vərdiş edərək, unudur, görmür. İnsan xəstələndikdə sağlamlığın necə nemət olduğunu düşünür, dostunu, yaxınını itirdikdə qədrini bilir, körpəsi azacıq soyuqladıqda belə, narahatlıqdan özünə yer tapa bilmir - yəni, əksər hallarda neməti itirdikdə onun nemət olduğunu anlayır. Halbuki, insan tamamilə təmənnasız olaraq sağlam orqanlarla, immun sistemi ilə, dərk və təhlil etmək qabiliyyəti ilə, saysız-hesabsız digər nemətlərlə təmin edilmişdir; lakin, bunu unutmağa meyillidir. İnsan diqqət yetirsə, görər ki, nemətlərlə əhatə olunmuşdur - həm maddi, həm də qeyri-maddi nemətlərlə.

Höccəti çatdırmaq məqamına gəldikdə, peyğəmbərlər (ə) zaman-zaman məbus edilmiş, vəzifələndirilmişlər ki, insanlara İlahi əmrləri çatdırsınlar. Tarix boyu hər zaman Allah Təala elçilər (ə) göndərməklə insanları qəflətdən ayıltmış, nicata yetişmək üçün dəqiq yol göstərmişdir. Amma insanların bir qismi bu hökmləri unutmağa üstünlük verirlər. İblisvari məxluqların ardınca gedərək, özlərini zillətə salırlar, əbədi ruhlarını puç yollarda israf edirlər.

Əql məqamına gəldikdə, insanın öz istedadlarını bilib, onları tətbiq etməsi - özü böyük bir məsələdir. Bütöv elmi sahələr vardır ki, insanın istedadlarının təzahür edilməsinin metodologiyası üzərində çalışırlar. Dinimiz əqli bir xəzinə hesab edərək, bunu üzə çıxarmağın vacibliyini vurğulayır və eyni zamanda, digər insanlara da bu elmin zəkatından verməyi tövsiyə edir - axı əql bölüşməklə azalmır. Əksinə, yayıldıqca, tədbiqini tapdıqca, cilalandıqca daha da dərinləşən və artan bir nemətdir.

Xəstə qəlblərə məlhəm olan Peyğəmbər (s)

Göstərilən kontekstdə Rəsuli-Əkrəmi (s) tanımaq xüsusilə önəm daşıyır. Həzrət Peyğəmbərin (s) mübarək varlığını tanımaq çox önəmlidir. Bu tanıma, Həzrətin (s) ardıcıllarının hansı yolla getməsinə yardım edər. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Mən - Allahın tərbiyə etdiyiyəm, Əli isə mənim tərbiyə etdiyimdir".

Yəni, Peyğəmbər (s) və Əhli-Beyti (ə) ən gözəl, ən kamil dəyərlərə sahib idi və bu dəyərləri insanlara aşılayırdı. Bu gözəl missiya barədə Həzrət Əli (ə) buyurur: "O, (Rəsulallah) öz elmi ilə insanların arasında gözəl bir təbib idi. Məlhəmlərini düzəldib hazırlamışdı. Və dağlamaq alətlərini qızdırmışdı. Onları lazım olan yerlərə - kor qəlblərə, kar qulaqlara və lal dillərə basardı. O, hikmət nurundan işıq götürməmiş, parlaq elmlərin çaxmağı ilə bir alov şölələndirməmiş, gövşəyən heyvanlar və daş parçası kimi olan şəxslərdə öz dərmanı ilə qəflət və sərgərdanlıq xəstəliyini müalicə edirdi".