Narkotiklərə dair Qlobal Sorğu (GDS) 2019


Dünya 27 Noy 2018 19:10:00 596 0

Narkotiklərə dair Qlobal Sorğu (GDS) 2019

Artıq 6 ildir ki, dünyanın 44 ölkəsində Narkotiklərə dair Qlobal Sorğu 23 dildə onlayn olaraq aparılır və 2017-ci ildən etibarən bu sorğu Azərbaycan dilinə də tərcümə edilərək iştirakınız üçün açıq elan edilib. Məqsəd yeni psixoaktiv maddələr, onların istifadə növləri, istifadə olunan narkotiklərin yeni texnologiyaları və bununla bağlı risklər haqda biliklərin genişləndirilməsidir. Əgər Siz də narkotiklərdən istifadənin hər kəs üçün daha təhlükəsiz olmasını arzu edirsinizsə, oxumağa davam etmənizi rica edirik.

Son.az Trend-ə istinadən bildirir ki, sorğu Londonda yerləşən müstəqil elmi təşkilat tərəfindən aparılır və sorğuya əsaslanan statistika epidemiologiya, ictimai sağlamlıq və ictimai siyasət sahəsində çalışan beynəlxalq ekspertlər tərəfindən hazırlanır. Bu qlobal sorğunun bir neçə elmi məqsədi var, ən ümdə amalı isə narkotik vasitələr barədə anonim sorğu vasitəsilə şəffaf və obyektiv diskussiyaları canlandırmaqdır. İnsanlar öz təcrübələrini anonim olaraq paylaşdıqca, narkotiklərin zərəri və riskləri, həmçinin də təhlükəsiz istifadə qaydaları, müalicə imkanları və asılılıqdan qorunma yollarını öyrənmiş oluruq.

Buna görə də, GDS ilk növbədə maarifləndirici layihədir.

"Narkotik" dedikdə nəyi nəzərdə tuturuq? Bu anlama hər gün istifadə etdiyimiz, amma adına narkotik demədiyimiz spirtli içki, nikotin, hətta qəhvə və şokolad belə aiddir. Dünyanın bir sıra ölkələrində son illərdə qanuniləşdirilən çətənə bitkisi (cannabis sativa) haqqında isə bu il həm də qida formasında istifadə olunma yollarını öyrənmək istəyirik. Sizdən Azərbaycanda onların istifadəsi haqda soruşmaq istəyirik.

İkinci məqsəd istifadəçilərin fikirlərini və ehtiyaclarını öyrənərək onlara uyğun tibbi müalicə və sosial xidmətlərin yaradılmasına təkan verməkdir. Sorğunun əsas vəzifələrindən biri, insanları təhlükəsiz istifadə metodları ilə tanış etməkdir. Bunun üçün isə, hansı maddədən nə qədər istifadə olunduğunu bilməyimiz şərtdir. İstifadə miqdarı və tezliyi fərqli olsa belə narkotiklər demək olar ki, hər bir insanın həyatında rol oynayır. Kimsə ayda bir dəfə bir qədəh şərab içir, kimsə hər gün 20 ədəd tütün siqaretlərindən istifadə edir. Digərləri isə, hər gün həm çətənə, həm nikotin, həm də spirtli içkidən istifadə edir və bəlkə istifadə barədə daha çox məlumatlanmaq yaxud mütəxəssis köməyinə müraciət etmək istəyir. Amma necə və harada? Bunları inkişaf etdirməyimiz üçün, sizin cavablarınıza ehtiyac var.