Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi (FOTO)


Digərləri 27 Noy 2018 14:02:00 254 0

Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi (FOTO)

Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq.

Bakı. Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki "Azercell Telekom" öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb. 26 Noyabr 2018-ci il tarixində “Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub. “Audio Kitablar” xidməti Azercell şirkətinin "Bookmate" layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.