İdarə rəisi: "Əhalinin səhiyyə ilə bağlı şikayətlərinin çoxu əsassızdır" FOTO


Digərləri 27 Noy 2018 13:27:00 253 0

İdarə rəisi: "Əhalinin səhiyyə ilə bağlı şikayətlərinin çoxu əsassızdır"  FOTO

Son.az Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysovanın report-a müsahibəsini təqdim edir:

- Bakıda neçə dövlət xəstəxanası var?

- Hazırda paytaxtda 150 dövlət tibb müəssisəsi fəalliyət göstərir. Onlardan 41-i xəstəxana, 7-si tibb mərkəzi, 10-u dispanser, 5-i Doğum evi, 2-si Körpələr evi, 9-u sanatoriya, qalanları isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları (TTTYS), şəhər və uşaq poliklinikaları, uşaq stomatoloji poliklinikaları, qadın məsləhətxanalarıdır. 

- Paytaxtdakı bütün xəstəxanaları və tibb müəssisələrini müasir standartlara cavab verən səviyyədə qurmaq mümkün olubmu?

- Son 10 ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 150 tibb müəssisəsinin təmir və yenidən inşası plana salınıb. İndiyə qədər həmin müəssisələrdən 21-i yenidən inşa edilərək istifadəyə verilib, 79-u isə əsaslı təmir olunub. Digər müəssisələr də plana uyğun olaraq əsaslı təmir və yaxud yenidən inşa ediləcək. Hazırda 3 xəstəxananın ( 7 saylı Uşaq Poliklinikası, 11 saylı Birləşmiş Şəhər Xəstəxanası, 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və 7 nömrəli Vərəm Əleyhinə Dispanser) və bir uşaq poliklinikası binasının inşası davam etdirilir.

Təbii ki, yeni inşa və təmir olunan tibb müəssisələri xidmət sahələrinə uyğun olaraq müasir standartlara cavab verən tibbi cihaz və avadanlıqla tam təmin olunub.

- Son illərdə neçə dövlət xəstəxanası publik hüquqi şəxs statusu alıb?

- Paytaxtda 1 dövlət xəstəxanası publik hüquqi şəxs statusunu alıb. Bu da Bakı Sağlamlıq Mərkəzidir.

- Hazırda Bakıda neçə həkim çalışır və bu sahədə kadr çatışmazlığı varmı?

- Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tibb müəssisələrində 7 227 həkim çalışır. Tibbi kadrların elektron registri var, yəni həkimə olan təlabatın ödənilməsi daim diqqət mərkəzindədir. Bu gün stasionar tibb müəssisələrində həkim çatışmazlığı yoxdur, lakin poliklinikalarda həkim-psixiatr, vərəm dispanserlərində isə həkim-fiziatrlara müəyyən tələbat var.

- Bu ilin 9 ayında paytaxtdakı tibb müəssisələrində çalışan neçə həkim nöqsanlara görə işdən çıxarılıb?

- Mən istəməzdim sırf işdən azad olmaları qeyd edim. Çünki nöqsana görə işdən çıxarılanlarla yanaşı, xüsusi xidmətlərinə görə təltif edilənlər də az deyil. Belə ki, bu ilin 9 ayı ərzində 15 həkim müxtəlif səbəblərdən işdən azad edilibsə, 23 həkim müxtəlif mükafat və fəxri adlara layiq görülüb. Məsələn, 5 nəfər "Əməkdar həkim", 7 nəfər "Tərəqqi" medalı, 1 nəfər "Əməkdar tibb işçisi", 10 nəfər isə "Səhiyyə əlaçısı" mükafatları ilə təltif edilib.

- Səhhətində narahatlıq hiss edən vətəndaş hansı halda poliklinikaya, hansı halda isə xəstəxanaya müraciət edilməlidir? Çünki insanlar adətən səhhətlərindəki xırda problemlə bağlı belə birbaşa xəstəxanalara gedirlər. Bu, səhiyyə xidmətlərində problem yaradırmı? Yəni belə müraciətlər xəstəxanaların yükünü artırırmı? Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Profilaktik baxımından düşünsək, hər bir insan ildə 2 və ya heç olmasa 1 dəfə şikayəti olmadan həkimə müraciət edib müayinə olunmalıdır. Profilaktik müayinənin xəstəliklərin erkən aşkarlanmasında və gələcəkdə müalicə taktikasının seçimində böyük rolu var. Planlı xəstə yalnız qeydiyyatda olduğu poliklinikanın göndərişi ilə tibbi göstəriş olduğu halda stasionar müalicəyə və ya poliklinikada aparılması mümkün olmayan əlavə müayinənin aparılması məqsədi ilə müayinəyə göndərilir. Təcili xəstələr həm özlərinin müraciəti, həm də təcili yardıma müraciət etməklə hospitalizə olunurlar. TTTYS-nin operativ şöbəsinin profil üzrə xəstəxanalarda olan boş çarpayılar barədə gündəlik məlumatı olur. Bu, ağır xəstənin profil üzrə vaxt itirmədən hospitalizasiya olunması üçündür. Xəstənin xəstəxanada qalma müddəti orta hesabla 7-8 gündür. Yəni, kəskin dövr keçdikdən sonra həyati göstəriş yoxdursa, xəstələrə ambulator qaydada nəzarət təşkil edilir. Məqsəd stasionarın yükünü azaltmaq, ağır xəstələrin hospitalizasiyasında gecikmə hallarının qarşısını almaqdır. Hətta kimsəsiz insanların belə tibbi yardıma ehtiyacı olduqda qrafik üzrə birləşmiş şəhər xəstəxanalarında yerləşdirilir. Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa əsasən, xəstənin həkimi seçmək hüququ var, ona mane ola bilmərik.


Xəbərə aid foto